İslam ölkələrindəki qanunsuzluq, hüquqsuzluq…

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Islam ölkələrindəki qanunsuzluq, hüquqsuzluq müsəlmanları SEL kimi qarşısına alıb Avropaya qaçırır – xristian Avropaya, müsəlmana “düşmən” Avropaya! Hə, Avropa böyük, bütöv xristian dünyası deməkdir. Eləcə də Avropa… “müsəlman düşmənidir”. Istər-istəməz bu yerdə dayanıb düşünməli olursan: müsəlmanlar nəyə görə gözlərinin altına çətin yolçuluqla bağlı gerçək ölüm qorxusunu alırkən belə, xristian Avropaya, “müsəlmən düşməni” olan bir dünyaya üz tutur, özü üçün, ailəsi, yaxınları-doğmaları üçün yalnız orada qurutuluş axtarır?

Göstərişi yaxınlıqdakı Administrasiyadan gələn, adına “Milli Məclis” deyilən yerdən qopan tozanaq indi AzTV-ləri sarmaqla bütün ölkəyə yayılmaqdadır: “Avropanı isamafobiya, rasizm, faşizm bürüyüb. Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət?” görün kimlər nədən danışırlar?! Azərbaycanda demokratiyanın kökünü qazıyıb faşist rejimi quranlar demokratik Avropanı faşizmdə suçlayırlar. Avropadakı 70 il qabağın faşizmini bu gün xalqa qorxuluq kimi göstəririlər. Avropa keçmişini danmır, gizlətmir, o keçmişlə öyünmür, onu örnəyə çevirmir. Avropa özünün utancverici keçmişindən bütünlüklə sıyrılaraq demokratiya yolunda inamla gələcəyə addımlayır.

Avropanın islam dünyasından (eləcə də Azərbaycandan) axıb gələn köçkünlərə qarşı çıxması… düzgündür! Illərlə islam dünyasından Avropaya axın olub, Avropa buna dözümlə, sizin dilinizcə desək, tolerantlıqla yanaşıb. Indi isə Avropa sunami ilə üzləşib – insan sunamisi ilə! O nə etməlidir? Bu sunaminin altında itib-batmalıdır? Hər bir canlının özünüqoruma hüququ olduğu kimi, avropalıların da özlərini, özümlü varlıqlarını qoruma hüquqları var! Sunamisayaq insan axını Avropanı istər-istəməz özümlüyü, öz kültürü ilə üzülüşmək qaçılmazlığıyla üzləşdirir: bir az gec, bir az tez. Buna görə də ortaya doğal olaraq qarşıdurma faktoru çıxır.

Azərbaycanlı, böyük, qabaqcıl görüşlü islam filosofu Şeyx Cəmaləddin Əfqani 20-ci yüzilin başlanğıcında deyirdi: “Getdim Avropaya müsəlman gördüm, islam görmədim. Gəldim Şərqə, islam gördüm, müsəlman görmədim”. Yüz il qabaq deyilib, ancaq elə bil indilər Avropadakı, islam ölkələrindəki bəlli görsənişlərə – ucu göyə dirənən humanist-humanitar katastroflara, qanunsuzluqlara, hüquqsuzluqlara baxılaraq deyilib! Avropadakı toxunulmaz qanunlara bağlı “Islam” bolluğuna, müsəlman ölkələrindəki ISLAM yoxluğuna görə müsəlmanlar, bir daha vurğulamaq gərəkir: ölümlərini göz altına almaqla olsa belə, Avropa ölkələrinə qaçışırlar. Nədən? Başçılarının qansızlığından-amansızlığından, bu qansızlığın-amansızlığın doğurduğu qanunsuzluqdan-hüquqsuzluqdan! Avroparlament bugünlərdə, seçki öncəsi, Azərbaycandakı rejimlə bağlı qərar verdi. Rejim yetkililəri, onların əlaltı parlamenti bu qərarı “Azərbaycana qarşı verilmiş qərəzli qərar” adlandırdılar, adlandırırlar. Ancaq Avroparlamentin qərarı Azərbaycana qarşı deyil, Azərbaycanda rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı DÖVLƏT SIYASƏTINƏ dönüşdürən, qanunları, insan hüquqlarını ayaq altına atan rejimə, rejim yetkililərinə qarşıdır. Onlar bunu ört-basdır etmək üçün düşdükləri çətin durumla bağlı özlərini xalqa sırımağa çalışaraq, xalqla hakimiyətin birliyindən danışırlar.

Prezident Administrasiyasında illərdən bəri hüquq müdürlüyü yapan Fuad Ələsgərov Avroparlamentin qərarını “Avropa Parlamentinin siyasi idiotizmi” adlandırır. Olduqca düzgün dəyərləndirmədir, ancaq… əliyevçi rejimin demokratik dəyərlərə – qanuna, qanunçuluğa baxışı baxımından! Avroparlamentin qərarı demokratik dəyərlərə – qanuna, qanunçuluğa, insan hüquqlarına sayğı qazandırma çağırış-qərardır. Bunlar o böyük gerçəkdən xalqı yayındırıb izi azdırmaq üçün Avropaya barmaq tuşlayırlar: onlar müsəlmanları evlərinə buraxmırlar. Soruşan gərək: müsəlmanları ev-eşiyindən, doğma yurd-yuvasından didərgin salan kimlərdir?!