vidadi mirkamal

Hakimiyyət ABŞ-ı gah söyür, gah da tərifləyir

vidadi mirkamalVidadi Mirkamal: «Belə münasibət avtoritar rejimin başlıca xüsusiyyətindən doğur»

Son dönəmdə Azərbaycan hakimiyyətinin rəsmi təbliğatı Amerika və Qərbə qarşı istiqamətlənib. Bu istiqamətdə aparılan təbliğat Azərbaycanın ABŞ-ı və Qərbi saymadığı anlamına gəlsə də, reallıqda tamam başqa proseslər cərəyan edir.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bugünlərdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyinin (USAID) Bakı nümayəndəliyinin rəhbəri Mikaela Meredislə görüşdən sonra bildirdi ki, USAID-lə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlər olub. Əli Həsənov son 20 ildə ölkədə həyata keçirilən humanitar proqramların həcminin təxminən 1 milyard dollardan çox olduğunu, bunun da 460 milyon dollarının ABŞ-ın müxtəlif dövlət qurumları və bu ölkənin QHT-ləri tərəfindən həyata keçirilən proqramların payına düşdüyünü vurğulayıb.

Əli Həsənovun dediklərindən aydın olub ki, son 20 ildə ölkəyə yönəldilmiş humanitar vəsaitin 50 faizi ABŞ-ın payına düşür və bu vəsaitin hamısı Azərbaycan hökumətinin prioritetinə uyğun sərf edilib: “Biz bu köməyi hər zaman yüksək qiymətləndiririk. Əgər vaxtilə bunlar olmasaydı bizim üçün çox çətin olardı”.

Bütün bunlara rəğmən, rəsmi mətbuat antiAmerika kampaniyası çərçivəsində Vaşinqton əleyhinə sərt ittihamlarla dolu məqalələr yayımlamaqda davam edir. Hökumət mediasının ABŞ-ı ikili standartda, Yaxın Şərqi qana boyamaqda, hətta bəzən terrorda ittiham etməsi fonunda hakimiyyət təmsilçilərinin onların Azərbaycanın xeyrinə atdığı addımlardan danışması, konkret olaraq Əli Həsənovdan yuxarıda gətirdiyimiz sitat hökumətin apardığı təbliğatla uyğun gəlmir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal yaranmış mənzərəni şərh edərkən bildirir ki, hakimiyyət sözçüləri xaricdə və daxildə daim fərqli davranır. Bu cür davranışın avtoritar rejimlərin başlıca xüsusiyyəti olduğunu deyən hüquqşünasın sözlərinə görə, onların daxili və xarici siyasətdəki boşluqları doldurmaq üçün bu cür müştəbeh, təkəbbürlü münasibət sərgiləməsi təbiidir: “Hakimiyyət belə çıxışlarla əhali arasında özünün qorxmaz, düzgün yolda oldğunu nümayiş etdirmək istəyir. Xarici dövlətlərin özlərinin dəyərləri var. Həmçinin Azərbaycanın da qoşulduğu konvensiyalar və ona uyğun müəyyən öhdəliklər var ki, ona əməl edilməlidir. Ona görə də xaricilərlə danışanda həmin konvensiyaların, götürdükləri öhdəliklərin dililə danışırlar. Nəticədə ikili mənzərə yaranır – yəni xaricdə bir cür, daxildə başqa cür. 21 ildən çoxdur ki, Azərbaycanda belə bir vəziyyət yaşanır. Burada təəccüblü heç nə yoxdur, bunun hamısı mövcud hakimiyyətin mahiyyətinin bir hissəsidir”.

Nigar