Milli Şura sədri Cəmil Həsənli Sumqayıtda haqsızlığa etiraz edərək özünü yandıran sürücüdən yazdı:
“Dostlar! Daha bir ölkə vətəndaşı haqsızlığa qarşı od vurub özünü yandırdı. DİN-in Sumqayıt şəhərindəki Yol Xidmətinin Ramin adlı əməkdaşının zorakılığına etiraz edərək taksi sürücülüyü ilə ailəsini saxlayan Zəngilan qaçqını 27 yaşlı Məqsəd Süleymanöv üzərinə benzin tökərək özünü yandırdı. Hadisənin səbəbini soruşduqda özü sağ ikən “Məni buna QAİ Ramin məcbur etdi” deyə cavab verdi. İndi FHN-in ənənəvi işinə bir xidmət də əlavə olunub. Yanan evlərlə, binalarla, xidmət obyektləri ilə yanaşı yanan insanları da söndürmək. Amma bu dəfə Məqsədi söndürmək mümkün olmadı. O, bu gün saat 3-də dünən axşam aldığı yanıq yaralarında 5 nömrəli ixtisaslaşdırılmış xəstəxanada dünyasını dəyişdi. Bu artıq polis, məmur, məhkəmə, vəzifəli şəxslərin özbaşnalığına, zorakılığına, rəhmsizliyinə etiraz olaraq insanların od vurub özlərini yandırması faciəsinin ilk nümunəsi deyil. Ölkəmizdə onlarla belə hadisə baş verib. Qarabağ qaziləri, çox müxtəlif haqsızlıqlarla qarşılamış insanlar, dövlətdən müdafiə görməyən vətəndaşlar etiraz əlaməti olaraq ən çətin yolu seçir, neft ölkəsində üstünə benzin töküb özünü yandırır. Seçki mərəkəsinin başlandığı bu ölkədə təkcə zülm ərşə dirənməyib, bu zülmə etiraz əlaməti olaraq özünə od vuranların da alovu ərşü-əlayə dirənib. İnsanlara dolanışıq imkanı vermirlər. Kimin haradan ailəsi üçün, uşağı üçün bir tikə çörək tapmaq imkanı var, tez oranı qapayırlar. Rasimin iki gün əvvəl 40 mərasimi oldu, Mingəçevirdə polis tərəfindən döyülüb öldürülən Bəhruzun heç qırxı çıxmayıb.İnkişaf sürətinə görə analoqu olmayan ölkədə 12 yaşlı İsmət Əsədov ailəsinin ona məktəb forması ala bilməməsinin qisasını körpə canından aldı, özünü asdı. Verilən məlumatlara görə Məqsəd özü yetimçiliklə böyümüşdü. İki azyaşlı övladını da yetim qoyub getdi. Gör insanları hansı həddə gətirirlər ki, adamlar zülmdən qurtuluşun yolunu öz canına od vurmaqda görürlər. Görən ölkəni idarə edənlər yeritdikləri siyasətin nəticəsi kimi gecə saatlarında “odlar yurdunda” insan bədənindən ərşə qalxan alovu görmürlərmi, alışmış insan bədənindən ətrafa yayılmış tüstü dumanında boğulmurlarmı?”