Yoxsulluq içimizdə

seadetSəadət Cahangir

Türkiyənin tanınmış yazarlarından Mustafa Kutlunun “Yoxsulluq içimizdə” adlı bir kitabı var. Illər öncə oxumuşam, amma təsiri keçməyib. Həyat, yaşam, insanın xoşbəxtlik canatımı haqqında gözəl “konspektlər” verir. Ömrünü başından sonuna geyim-keçim arxasınca heç edənlərlə bağlı bir parça qalıb yaddaşımda: “Həyatın ”endirimli satışlar”dan bir siviter almaqdan başqa mənaları olduğunu hardan biləcək. Doğrudan da, həyatın bu istidən pozulmuş asfaltlarda benzin növbəsinə dayanmış maşınlardan başqa bir mənası yoxmu?… Bədəni və maddi həzlərlə bağlı bir xoşbəxtlik düşüncəsini bəsləyib böyüdürük. Dünya məhəbbətini saysız təfərrüat ilə zənginləşdiririk. Nəfsin ehtirasları bizi hər an dəyişik parıltılar yayan əşyaya doğru qaçırdır. Bu vəhşi qaçış modern dünyanın simvoludur. Yoxsulluq içimizdə, qəlbi olanı, eşqi və daha irəli olanı dilə gətirərək həyatın həqiqətinə işarətÿedir”.

Nə gözəl ifadə olunmuş, deyilmi? Yoxsulluq içimizdə deyilmi? Hamımız əskik olanımızın yoxsulu deyilikmi? Maddi ehtiyaclarımızla mənəvi ehtiyaclarımız arasındakı uçurumda bir qaratikan kolundan asılmış kimi qanamırmı içimiz? Bütün özünəqəsdlərin, intiharların kökündə yalnız maddi əskikləri görməkdə haqlıyıqmı? Günümüzdə kasıblıq insanı öldürən tək səbəb deyil axı. Dərin və uzaq baxsanız, görərsiniz ki, gerçəkdən elə deyil. Insanlar təkcə böyük borclanma və ehtiyac üzündən kəndirə keçirmir boğazını. Aclıq, ehtiyac və çarəsizlik həm də mənəvi boşluqların yaratdığı yoxsulluqdandır. Bəlkə də, doğru baxsaq, tərəzinin gözündə bu tərəf daha ağır gələr. Insanlar gözlərdə gündən-günə azalan, əriyən və silinən sevginin möhtacıdır. Insanlar həyatımızdan çıxan qayğının, nəvazişin, mərhəmətin yoxsuludur. Insan gözlədiyinin, umduğunun, əskiyinin yoxsuludur. Yoxsulluq içimizdədir, bəli, daha çox içimizdə…

Günlərdir Ismayıllıda intihar edən 12 yaşlı Ismətin faciəsi ağlımdan çıxmır. Hadisənin nə qədər ağrılı olduğunu şərh etməyə ehtiyacmı var? Amma ürəyimi o ailənin acısı ilə bərabər sızladan başqa bir şey də var. Biz də kənddə böyümüş, tərbiyə almış, oxumuş nəsildənik. Hökumət maaşı ilə dolanan orta təminatlı ailədə nəinki 12 yaşımızda, heç 20-22 yaşımızda da ürəyimizdən keçən hər şeyi ala bilməyib böyüklərimiz bizə. Ismət yaşda bizim də gözümüz qalan yeni çanta və paltar üçün ağladığımız olub. Ancaq vurğulamaq istədiyim əsas nöqtə nədir, bilirmisiniz? O yaşda bizim ölüm və ölmək haqqında düşüncələrimiz sıfır səviyyəsində olub. Intihar təsəvvürlərimiz haqqında isə heç danışmağa dəyməz. Sizcə, nədən? Səbəb çox sadədir. Çünki çevrəmizdə, əhatəmizdə, məktəblərimizdə hamımızın durumu təxminən bərabər idi. Hamımız çoxuşaqlı ailələrdə böyüyən, cibi rüşvət və ya “çax-çux” tanımayan ata-anaların övladları idik. Kimsənin ucuz geyimi, köhnə çantası, kasıb həyat tərzi kimsənin pıçapıç mövzusu deyildi. Kimsənin bu məsələdə kiçik bir sıxıntısı yoxdu və ola da bilməzdi. Əksinə, hər kəs bir-birinə yardımçı idi. Hər şey gözəl idi. Içimiz işıqla dopdolu idi. Hər kəsdən daha xoşbəxt idik, yəqin ki, bir daha heç olmayacağımız qədər xoşbəxt. Bəli, səbəb sadə idi. Yoxluğumuz, əskiklərimiz bərabər paylaşılmış bir şeydi.  Bu qədər sevinc və xoşbəxtliklə dolu ikən, kim özünü yoxsul hiss edə bilərdi ki?

Şübhəsiz, böyük çoxluğun fikri ilə tam razıyam. Günümüzdə intiharların gəncləşə-gəncləşə 12 yaşa düşməsinin günahkarı ölkə insanını maddi ehtiyaclarla bərabər, sevgi və mərhəmət yoxsulluğuna düçar edənlərdir. Övladına məktəb çantası ala bilməyən ailələrlə, övladına 15 min manatlıq telefon bağışlayan ailələr arasında uçurum açanlar… Özü yüz min manatlıq paltar geyib, ölkə vətəndaşına yüz manat maaş kəsən qansızlar…  Ismətin qatili onlardır, bəli. Danılacaq bir şey yox…