MHP-dən qovulan Türkeş AKP-yə keçir?

Tuğrul-TürkeşMHP-nin qərarına qarşı gedərək Türkiyənin müvəqqəti seçim hökumətində baş nazirin müavini vəzifəsini tutan və bu səbəbdən partiyadan qovulan Tuğrul Türkeşin AKP-yə keçəcəyi ilə bağlı iddialar səsləndirilir.

Türkiyə mətbuatının yazdığına görə, baş nazirin müavini dünən AKP-nin baş qərargahına gedib və orada bir saatdan artıq danışıq aparıb.

Bu gün AKP 1 noyabr seçkisi ilə bağlı namizəd siyahısını Türkiyə Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Türkeşin AKP-nin baş qərargahına sürpriz ziyarətinin məhz bu ərəfəyə təsadüf etməsi onun məlum siyahıda yer alacağı ilə bağlı şübhələri bir az da artırıb.

Qərargahdan çıxan kimi curnalistlərin suallarına tuş gələn Tuğrul Türkeş AKP-də seçki məsələsini müzakirə etmədiyini bildirib. O, içəridə baş nazir Əhməd Davudoğlu ilə görüşdüyünü etiraf etsə də, müzakirə mövuzusunun qarşıdakı parlament seçkiləri yox, dövlətə aid önəmli bir məsələ olduğunu qeyd edib. Həmin məsələ haqda isə açıqlama vermək istəməyib: “Baş nazir Əhməd Davudoğluna dövlətə aid bir məsələ haqda məlumat verməli idim. Ona görə gəlmişdim”.

Curnalistin “AKP-dən namizəd olacaqsınızmı” sualına isə Türkeş cavab vermək istəməyib: “AKP-nin baş qərargahına gəldiyim üçün həyəcanlandığınızı bilirəm. Amma bu suala niyə cavab verməliyəm ki? Medianı həyəcan içində saxlamağın faydası var”.

Gültəkin