ilham-ziya1

İlham Əliyev Ziya Məmmədovla üzülüşür – Dəmir Yolları da Nəqliyyat Nazirliyindən alındı

ilham-ziya1“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyət Nazirliyinin tabeliyindən çıxarılıb. Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2009-cu il 20 iyul tarixli sərəncama dəyişikliklər edilir. Dəyişikliklər bundan ibarətdir: 1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılır. 2-ci və 3-cü hissələr redaktə edilərək, QSC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilir, onun sədr və sədr müavinlərinin (eləcə də idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsini Cəmiyyət özü həyata keçirir. QSC-nin yenidən təşkili və ləğvi isə prezidentin səlahiyyətlərinə daxil edilir.

Beləliklə, son günlər ard-arda zərbələr alan nəqliyyat naziri Ziya Məmmədov “Azərbaycan Dəmir Yolları”nı itirdi. Bundan əvvəl isə taksi fəaliyyəti üçün lisenziya verilməsi Nəqliyyat Nazirliyindən alınaraq ASAN Xidmətə verilmişdi. Həmçinin Ziya Məmmədovun nəzarətində olan Transqeyt şirkətinə məxsus marşrut avtobusları xətdən çıxarılmışdı. Ziya Məmmədov Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyində edilən dəyişiklə bu obyekti də itirmişdi.

Xatırladaq ki, “Azadlıq”qəzeti bir müddət əvvəl məlumat yaymışdı ki, Nəqliyyat Nazirliyi ləğv edilə bilər. İstiqlal.az saytı isə bu gün məlumat yayıb ki, yaxın günlərdə Ziya Məmmədov tutduğu vəzifədən azad ediləcək. Saytın məlumatına görə, onun yerinə Cavid Qurbanov təyin olunacaq.

İnformasiya şöbəsi