masazir-surusme

Masazır sakininin evini uçurublar

masazırQanunsuz tələb olunan məbləği ödəmədiyinə görə

“Azadlıq”a müraciət edən Gülyanaq Əsgərova Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış üçün nəzərdə tutulan torpaq sahəsində mənzil tikintisində üzləşdiyi qanunsuzluqlar barədə redaksiyamıza şikayətməktubu yollayıb. O, tikintiyə başlamazdan əvvəl tələb olunan bütün mərhələlərdən də keçdiyini, ancaq buna baxmayaraq, sonda məmur özbaşınalığı ilə üzləşdiyini yazır.

Müraciətdə deyilir: “Qanunda nəzərdə tutulduğu kimi,  rayonun ovaxtkı icra hakimi Zakir Fərəcova ərizə ilə müraciət etdik və bir müddət keçəndən sonra tikinti işlərinə başladıq. Evin daş hissəsini bitirəndə rayonun baş memarı Akif Əliyev bir neçə işçiylə gələrək evi uçurdacaqlarını dedi. Səbəb də eskiz layihəsində baş memarın möhürünün olmamasını göstərdilər.

Bundan sonra tikinti işlərini dayandırıb, eskiz layihəsinə baş memarın möhürünü və imzasını əlavə etdirdik. Əmin oldum ki, bütün sənədlərimiz düzdür və evin tikintisinə davam edə bilərəm. Hətta memarlığın Elmir adlı işçisi bizə bildirdi ki, eskiz layihəsinə memarın möhürü və imzası vurulandan sonra tikintini davam edə bilərik, çünki, torpaq sahəmizin bütün sənədləri qaydasındandır. Eyni zamanda, tikinti üçün lazım olan icazəni qanuni şəkildə almışıq.

Evin daş hissəsini və ikinci kəmərini hazır edib iki pillə daş mişar əlavə edəcəkdik ki, memarlığın işçiləri və kənd icra nümayəndəsi gələrək tikintini dayandırdılar. Rayon icra hakimiyyəti daxilindəki məmur davası üzündən Akif Əliyev prinsipial şəkildə evimizi uçurdu. Telefon danışığımız zamanı o bizdən pul istədi və bunu verməyəcəyimiz təqdirdə evi uçuracağını dedi. Halbuki, tikilini uçurmaq üçün məhkəmə qərarı olmalıdır. Akif Əliyev icra hakimiyyətinin işçisi olmayan Kəlam adlı şəxsi yollayıb traktorla evimizin arxa tərəfini uçurdu. Mənə 10 min manat maddi ziyan dəyib, ev tamamilə sökülməlidir. Etdiyi zorakılığa görə Akif Əliyevi məhkəməyə verəcəyimizi dedikdə, cavabı “get, nə istəyirsən et” oldu.

Bir daha vurğulayıram ki, evimizin bütün sənədləri qaydasındandır, eskiz layəsində möhür və evin tam hazır olması barədə rəydə Akif Əliyevin və müavinin də imzası var. Lakin o, qanunsuz istəyindən vaz keçmədi və başımıza belə bir hadisə gətirdi”.

Sosial şöbə

P.S.Yazıda adı çəkilən şəxslər də öz mövqeyini bildirə bilər.