“Hətta Siyavuş Novruzov da başa düşür ki, bunun axırı yoxdur”

arif-memmedovAzərbaycanın Avropa Birliyi və Avropa Şurasındakı keçmiş səfiri, artıq xeyli vaxtdır hakimiyyət əleyhinə çıxışalrı ilə gündəmdə olan Arif Məmmədov “strateq.az” saytına müsahibə verib. Müsahibəni, oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, təqdim edirik:

– Arif bəy, Azərbaycanın Niderlanddakı səfirliyinin sabiq konsulu Nihad Cəfərov da Avropadan siyasi sığınacaq istədi. Diplomatik korpusda nə baş verir?

– Nihad Cəfərovun bizim sıralarımıza qatılmasını böyük uğur hesab edir və sevinirəm. O ki qaldı sualınızın nə “baş verir” hissəsinə, bununla bağlı öz mövqeyimi dəfələrlə açıqlamışam. Azərbaycan hakimiyyəti bütün gücünü mənə yaxın olan qüvvələri təsirsiz hala gətirməyə yönəldib. Bu isə çox səfeh bir hərəkətdir. Təvazökarlıqdan uzaq səslənməsin, Xarici İşlər Nazirliyi əməkdaşlarının 80-90%-ni mənə simpatiyası olan insanlar təşkil edir. Bunların hamısını cəzalandırsalar, nazirlik çökər. Mən bu hörməti və simpatiyanı öz hərəkətlərimlə qazanmışam. Nazirlikdə işləyən bütün gənclərə öz balam kimi baxmışam, onlara dəstək olmağa çalışmışam. Onlar da bunun qarşılığı olaraq mənə o cür yanaşırlar. Ümumiyyətlə, xarakter etibarilə sadə və nəzakətli insanam. Bəzən bu nəzakətimi səhv başa düşənlər də olub. Hətta vaxtilə deputat, indisə media rəhbəri olan bir xanım yazmışdı ki, Avropaya gedəndə Arif bizim çantamızı daşıyırdı. Bəli, mən bunu bir nəzakət norması kimi qəbul etmişəm və burda bir qəbahət də görməmişəm. Görünür, xanım anlamayıb ki, mənim çanta daşımağım onun vəzifəsinə yox, xanımlığına olan sayğımdandır. Mən hətta eyni münasibəti öz sürücümə də göstərmişəm. Aeroportda məni qarşılamağa gəlirdi. İmkan vermirdim ki, iki çemodan götürsün. Hətta səhər-səhər övladımı dərsə aparan sürücümə öz əllərimlə “peraşki” bişirirdim. Mənim bu etinalı davranışım hər zaman böyük əksəriyyət tərəfindən müsbət qiymətləndirilib – içərilərində bunu səhv anlayanlar tapılsa da… Hakimiyyət bütün represiv gücünü mənim ətrafıma qarşı yönəltdiyi və onlardan edə bilməyəcəkləri addımları tələb etdiyi üçün bu cür gözləmədiyi sürprizlərlə qarşılaşır. Bakıda mənimlə nə vaxtsa əlaqəsi olanlardan əleyhimə ifadə almaq istəyirlər. Onlar da bu ifadəni verə bilmirlər. Bəzən onlar həbslərlə hədəlinirlər və başqa ölkələrə sığınmaqdan başqa çarə qalmır. Hakimiyyət anlamaq istəmir ki, diplomatlarla o cür davranmaq pis nəticələr doğura bilər. Məsələn, onlardan tələb edirlər ki, mənə qarşı verəcəkləri bəyanatlarda “Biz Heydər Əliyev kursuna sədaqət göstərərək Arif Məmmədov kimi vətən xainini qınayırıq” yazsınlar. Dünyanın müxtəlif ölkələrində diplomatik fəaliyyətlə məşğul olan, demokratik düşəncəylə yetişən bu adamlar belə şey yazarlarmı? Bir diplomatdan bunu tələb etmək onu alçaltmaq deməkdir. İstər-istəməz, Avropada olan diplomatlar da bunu görür, özlərinin bu tələblə üzləşmək ehtimalı yarananda fürsətdən istifadə edib repressiyalardan yayınırlar. Siyasi sığınacaq tələb etməyimiz bizim məcburi addımlarımızdır. Məqsədimiz ailələrimizi, uşaqlarımızı represiyalardan, basqılardan qorumaq və ölkəmizin demokratikləşməsi naminə fəaliyyətimizi daha effektli qurmaqdır.

– Yəni, deyirsiniz ki, diplomatların Avropaya sığınmaları sırf təhlükəsizlik xarakteri daşıyır. Heç bir siyasi niyyət yoxdur…

– Təbii ki. Amma o da unudulmamalıdır ki, diplomatik fəaliyyətlə siyasət arasındakı məsafə çox qısadır. Hər halda diplomatiya siyasətlə birbaşa bağlıdır. İstənilən diplomatı sıxışdırsan, bir anın içində onu siyasiləşdirə bilərsən. Özü də ən təhlükəli siyasətçiyə çevirərsən. Mən 90-cı illərin əvvəllərindən indiyə qədər Xarici İşlər Nazirliyində işləmişəm. Necə deyirələr, ömrümün yarısını Azərbaycanın siyasi iradəsini xaricdə təmsil etməklə keçib. Özü də uğurlu bir karyeram olub. Avropa-Azərbaycan münasibətlərinin inkişafında, islam dünyasıyla əlaqələrin yaranmasında ciddi xidmətlər göstərmişəm. Bu, mənə həm də Azərbaycanın problemlərini dünyaya daha rahat çatdırmaq imkanı verir. Demək istəyirəm ki, hökumət mənə qarşı bu aqressiyasını davam etdirdikcə, istər-istəməz, özünə ciddi bir rəqib hazırlayır. Mənim kimi diplomatlara qarşı elan olunan müharibə hakimiyyətə heç bir yaxşı perspektiv vəd etmir. Biz də hakimiyyətdən aqressiv mövqe gördükcə, bütün qüvvələrimizi ölkəmizin demokratikləşməsi uğrunda mübarizəyə cəlb edirik. Bu məsələ artıq ən başlıca prioritetimizə çevrilib. Hesab edirəm, Azərbaycanda hər kəs, hətta Siyavuş Novruz da başa düşür ki, belə getsə, bunun axırı yoxdur. Özümüzü yalançı inkişaf nağıllarıyla aldatmayaq. Artıq o cür məddahlıq nümunələrinə Azərbaycan cəmiyyətində inanan yoxdur. O gün televiziyalarda təşkil olunan dəyirmi masalara baxırdım. Azərbaycanın ən savadlı iqtisadçılarından sayılan və mənim də şəxsən tanıdığım Ziya Səmədzadə deyir ki, bizim iqtisadiyyatımız ancaq Almaniya ilə müqayisə edilə bilər. Hörmətli bir ziyalıya bu qədər gülüşdoğuran iddianı dedizdirmək nə qədər doğrudur? Bu gün Azərbaycanda ən savadsız adam da bu müqayisəyə qəşş edib gülər. Almaniyanın hansısa ölkəyə xarici yardımı belə, Azərbaycan iqtisadiyyatından daha böyük göstəriciyə malikdir. Hakimiyyət Avropaya meydan oxuyur. Avropa dövlətlərini heç demirəm, Avropa Parlamenti kimi bir təşkilatın illik büdcəsi belə, Azərbaycanın dövlət büdcəsindən 6 dəfə böyükdür. Avropa Parlamentinin büdcəsi 150 milyard avrodur. Bu ilin büdcəsi kimi proqnozlaşdırılan 20 milyard dolları tapa bilməyən Azərbaycanın özünü müqayisə etdiyi ittifaqın hansısa bir qurumundan 6 dəfə kasıb olmasına baxmayaraq, onu acından ölməkdə ittiham etməsi gülünc deyilmi?! Avropa İttifaqı və onun ətrafında yaranan qurumlar ətraf ölkələrin demokratikləşməsini bir nömrəli vəzifə kimi görür. Çünki bu qurumların müdafiə etdikləri dəyərlər var və bu dəyərlər hər cür maddi imkanlardan üstün tutulur. Bəzən deyirik ki, onlar bizi istismar edirlər, məqsədləri müstəmləkəçilikdir. Amma bu iddialar doğru deyil. Avropa ölkələri anti-demokratik rejimlərlə hər hansı ticari əlaqələrə girə bilərlər, son andasa müdafiə etdikləri dəyərləri ön plana çıxarıb tərəfdaş olduqları ölkələrdən bu prinsiplərə hörmətlə yanaşmağı tələb edirlər.

– Arif bəy, siz elə deyirsiniz, amma son zamanlara qədər Azərbaycana rəsmi səfərə gələn başda ABŞ olmaqla, Qərb diplomatları önəm verdikləri prioritetləri belə sadalayırdılar: stabillik, enerji mənbələri və onun təhlükəsizliyi, daha sonra isə demokratiya. Yəni demokratiya onlar üçün həmişə 3-cü, 4-cü dərəcədə məsələ olub.

– Fikrinizə qatılmıram. Demokratiya heç vaxt Avropa və ABŞ üçün sonuncu dərəcəli məqsəd olmayıb. Təbii ki, bütün dövlətlərin dəyərləriylə yanaşı, maraqları da var. Maraqlar hər zaman ön planda tutulur. Bununla belə, tək maraqları ön planda tutmaqla diplomatik münasibət qura bilməzsən. Ən azı ona görə ki, bu dəyərlər maraqları tənzimləyir, əlaqələri möhkəmləndirir. Səninlə eyni dəyərləri bölüşməyən qurumlarla qarşılıqlı mənfəət əsasına söykənən münasibətləri qalıcı olmaz. Necə ki, bu gün Qərb ilə post-sovet məkanı arasında bu böhran yaşanır. Qərbin vaxtilə Qəddafi ilə də, Mübarəklə də iqtisadi münasibətləri olub. Pul verib neft, qaz alıblar. Bunun əvəzində də ona vertolyot, təyyarə satıblar. Bu o demək deyil ki, Qərb Qəddafini dəstəkləyib. Ümumiyyətlə, dövlətlərarası münasibətləri insani münasibətlərə bənzətmək olar. Biz də kiminləsə ticarət əlaqələri qururuq. Amma dünyagörüşümüz eyni olmaya bilər. Dünyagörüşünün eyni olmaması daha sonra hətta araya düşmənçilik də sala bilər. Üstəlik, Qərblə Azərbaycan arasında əvvəlki qarşılıqlı maraqlar da qalmayıb. Bizimkilər anlamaq istəmirlər ki, artıq ən azı 5 il müddətində neft-qaz dövrü bitib. Ondan sonra nə olacaq: alternativ enerji mənbələri ortaya çıxacaqmı, çıxmayacaqmı? Azərbaycan enerji resurslarının əhəmiyyəti qalacaqmı? Bütün bunlar birmənalı cavabı olmayan məsələlərdir. Brüsseldə hazırda Yaxın Şərq ölkələrinin başçıları növbəyə durublar ki, öz enerji resurslarını sata biləcəkləri müştəri tapsınlar. Beynəlxalq bazarda neft təklifi tələbi üstələyir. Qiymətlərin enməsinin əsas səbəbi budur. Hakimiyyət anlamalıdır ki, dünya dəyişilib. Küçəyə çıxarılan bir neçə öyrədilmiş adamla Qərbə hədə-qorxu gəlmək özünü aldatmaq deməkdir.

– Nədənsə, bizimkilər hələ də hesab edirlər ki, Avropayla sərt danışmaqla təzyiqləri azalda bilərlər. Sizcə, müqavimətlə nəyəsə nail olmaq mümkündürmü? Ən əsası, Avropanın bu sərt bəyanatlarının hansısa bir təsir gücü varmı?

– Əlbəttə var. Hesab edirəm ki, Azərbaycanın müqaviməti mənasızdır. Ölkədə demokratik dəyişikliklər baş vermədikcə, təzyiqlər də azalmayacaq, əksinə daha təsirli hala gələcək. Böyük ehtimalla, siyasi basqıları tədricən iqtisadi sanksiyalar əvəz edəcək. Hətta Qərb Azərbaycan neft və qazını almaqdan imtina da edə bilər.

– Avropa Parlamentinin son qərarına əsasən, təşkilat Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərməyəcək. Bu, həm də o mənaya gəlir ki, seçkinin nəticələri də tanınmayacaq. Sizcə, legitimliyin tanınmaması bizə nə vəd edir?

– Bəli, Azərbaycanda siyasi məhbuslar azad edilməyənə, seçkilər üçün şəffaf şərait təmin edilməyənə qədər Avropa Parlamenti müşahidəçi göndərməməyə qərar verdi və digər beynəlxalq qurumları da eyni addım atmağa dəvət edib. ATƏT də, Avropa Şurası da onunla eyni fikirdədir. Bizimkilər də, çox güman ki, Qazaxıstandan, Özbəkistandan müşahidəçi dəvət edəcəklər. Bununla da növbəti parlamentin legitimliyi Qərb tərəfindən tanınmayacaq.

– Bəs, bu tanınmamanın mənası nədir? Bizimkilər yenə çıxıb deyəcək ki, qəbul edilən bu qətnamə və qərarlar bizim üçün kağız parçasıdır. Yəni Avropanın bu addımı konkret hansı nəticələri doğura bilər?

– Bu o deməkdir ki, Azərbaycanın nümayəndə heyəti dünyanın heç bir demokratik ölkəsi tərəfindən qəbul olunmayacaq. Beynəlxalq qurumlarda söz demək haqqımız məhdudlaşacaq. Parlament tanınmasa, qurulan yeni hökumət də tanınmayacaq. İqtisadi əməkdaşlıqlar kəsiləcək. Ardınca maliyyə sanksiyaları gələcək. Azərbaycan hökuməti bu qərarları adi kağız parçası hesab edə bilməz. O boyda Rusiyanı iqtisadi sanksiyalar çöküş həddinə gətirib. Baxmayaraq ki, Rusiya Avropanın enerji tələbatının 50-60%-ni təmin edirdi və bu mənada Moskvadan asılı idilər, Qərb yenə Moskvanın göz yaşlarına acımadı. Azərbaycana isə heç güzəştə getməyəcəklər. Çünki bizim enerji mənbəyi kimi əhəmiyyətimiz Rusiyanın 1%-nə bərabərdir. Mən Azərbaycanın diplomatı kimi, həm də bir siyasətçisi kimi bu proseslərdən ciddi narahatam.

– Belə başa düşdüm ki, siz artıq həm də siyasətə iddialısınız…

– Bayaq da dedim, hər bir diplomat həm də potensial siyasətçi deməkdir. Bu gün mən öz diplomatik missiyamdan uzaqlaşdırılmışam və hədəf seçilmişəmsə, istər-istəməz, siyasi kimliyim doğar. Bir başsağlığı yazdığım üçün hakimiyyət məni məcburi siyasətçiyə çevirdi. O boyda hadisədə ancaq bir JEK müdiri cəzalanarsa, diplomat da reaksiya verməlidir. Diplomat da insandır axı, onun da əsəbləri, duyğuları var. Mən həmin yanğın hadisəsindən 2 gün sonra Bakıya gəlmişdim. Ucuz olsun deyə, qaldığım otel də həmin yanan binanın yanında idi. Orada yaşanan vəhşilikləri görüb etiraz etmişdim. Mən o statusu yazmasaydım, çölə çıxıb bağırmalıydım, üsyan etməliydim. Hakimiyyət isə mənim bu reaksiyamı sərt şəkildə cəzalandırdı. Məcburən məni də siyasi meydana çəkdi. Həmin statusu paylaşanda onu sadəcə 12 nəfər bəyənmişdi. Üstündən bir ay keçəndən sonra kimlərsə bu hadisəni böyütdülər. İndi yazdıqlarımı 5000-dən artıq adam bəyənir. Hələ mətbu orqanlarda çıxan yazılarımı nə qədər adamın oxuduğunu demirəm. Hakimiyyətin davası təkcə mənimlə olsaydı, təşkilatdan ayrılıb öz işimlə məşğul olardım. Bunlar mənimlə kifayətlənmədilər. Ərtafımı da hədəfə aldılar. Dolayısıyla məni özləri siyasətçiyə çevirdilər.

Maraqlıdır, niyə belə etdilər. Səbəb nə idi? Faktiki olaraq diplomatları özünə düşmən etməyin məqsədi nədir?

Ardı var