Ukraynada Saakaşvili «böhranı»

saakas-ukrİndi də Odessa qubernatorunun istefasını tələb edirlər

Odessanın qubernatoru Mixail Saakaşvili son vaxtlar Ukrayna mətbuatının gündəmindən düşmür. Əsasən hökumətin və baş nazir Arseni Yatsenyukun ünvanına səsləndirdiyi tənqid və ittihamlarla gündəmə gələn Saakaşvili bu biri tərəfdən də yerlilərin rəğbətini qazanmaqda davam edir. Ukraynalılar Gürcüstanın keçmiş prezidentini baş nazir postunda görmək istədiklərini açıq şəkildə bəyan edirlər. Hətta bir neçə gün əvvəl bununla bağlı prezidentin rəsmi saytına petisiya da yerləşdiriblər. Onminlərlə ukraynalı hesab edir ki, yalnız Saakaşvili kimi baş nazir ölkədə korrupsiyanın kökünü kəsə və islahatları sürətləndirə bilər.
Yeri gəlmişkən, Saakaşvili Ukrayna hökumətini oliqarxların nəzarətində olmaqda və korrupsiyalaşmaqda ittiham edir. Baş nazir Yatsenyuk isə bütün bu ittihamları rədd edərək Saakaşvilinin emosional davrandığını bildirir. Ukraynalıların istəyinə münasibət bildirərkən Saakaşvili baş nazir olmaq istəmədiyini demişdi. Prezident Pyotr Poroşenko isə hesab edir ki, Saakaşvildən yaxşı baş nazir ola bilər.
Bütün bunların fonunda Ukrayna prezidentinin rəsmi saytında növbəti petisiya peyda olub. Petisiyanın müəllifləri prezidentdən Saakaşvilini istefaya göndərməyi tələb edirlər. Sənədin mətnində bildirilir ki, prezident Saakaşvilinin təyinatı ilə bağlı eksperimentin uğursuz olduğunu etiraf etməlidir: «Saakaşvilini istefaya göndərin və onun yerinə Ukrayna vətəndaşı olan ləyaqətli birini təyin edin!».
Sənəd müəllifləri hesab edirlər ki, Saakaşvili heç bir real iş görmür, sadəjə özünüreklamla məşğuldur: «Biz hələ də Odessa vilayətində real islahatlara şahid olmamışıq. Bununla bağlı verilən vədlər söz olaraq qalıb. Əksinə, Odessanın polis rəisini rüşvət üstündə həbs etdilər. Bu rəisi isə Saakaşvilinin adamı təyin etmişdi. İliçevskidə rəis işdən azad edildi, amma onun yerinə müavini gətirildi. Saakaşvili hələ də bürokratiyanın qarşısını ala bilməyib. Bu barədə verilən vədlər də kağız üzərində qalıb. Bundan başqa, qubernator vilayətə sərmayəçiləri jəlb edə bilməyib. Halbuki buna da söz vermişdi. Saakaşvilidə özünüreklama qarşı böyük həvəs var. Ukrayna mətbuatında onun adı nəinki baş nazir, hətta prezident Poroşenko qədər hallandırılır».
Böyük ehtimalla, Saakaşvili əleyhinə bu petisiyanın müəllifləri qubernatorun tənqid etdiyi hökumət məmurlarına yaxın adamlardır. Odessa qubernatoru həmin məmurları açıq şəkildə ittiham etdiyinə görə hədəfə gələ bilər.
Xatırladaq ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə bu ilin may ayında təyin edilib. Yeni qubernatorun təyinatı zamanı Pyotr Poroşenko bəyan etmişdi ki, korrupsiya və qaçaqmalçılığa qarşı mübarizədə Saakaşviliyə çox böyük ümidləri var.

Gültəkin