Hakimiyyət Rusiya və Ermənistanın əlinə oynayır

fuad-qehremanli-enyeniFuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyətinin Qərbi bu formada təhqir etməsi ilk növbədə Ermənistanın maraqlarına xidmət edir»

Parlamentin növbədənkənar iclası Avropa Parlamentinin qəbul etdiyi son qərara “cavab” vermək məqsədi ilə çağırılmışdı. Gözlənildiyi kimi iclasda əsas hədəf Avropa Birliyi və Qərbin Azərbaycandan demokratiya ilə bağlı tələbləri oldu. Deputatlardan və parlament rəhbərlyindən bir-birindən “maraqlı” təkliflər səslənib.

“Qərb narahat imiş…”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın “Euronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyyətini dondurmağı təklif edib. Seyidov öz təklifini “Avropa Parlamenti sıralarında korrupsiyanı ifşa etmək” zərurəti ilə əsaslandırıb.

Daha sonra Seyidov Avropa Parlamentinin, xüsusən “Azad Avropa” alyansının deputatlarını Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıqda ittiham edib. “Bu gün Azərbaycan rəhbərliyi ATƏT-in Minsk qrupu və Avropa Parlamenti olmadan işğal edilmiş ərazilərini azad etmək iqtidarındadır. Onları narahat edən də budur”, deyə Seyidov bildirib.

“Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığına yenidən baxmalıdır”

“Biz Avropa Parlamentinin Azərbaycana qərəzli qətnamələr qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə Avropa Parlamenti bütün sərhədləri keçib”. Bu sözlər isə Milli Məclisin sədri Oqtay Əsədova məxsusdur. O.Əsədov bildirib ki, bu dəfə Avropa Parlamenti bütün davranış qaydalarını pozub: “Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik və Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. Iclasdakı məlumatlar açıq-aşkar saxtakarlığa əsaslanıb”.

O.Əsədov hesab edir ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığına yenidən baxmalıdır:

“Biz beynəlxalq təşkilatlarda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Biz bu təşkilatlardan nə görürük. Hesab edirəm ki, biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, Şərq Tərəfdaşlığı Proqramına yenidən nəzər salısın”.

Əslində hakimiyyətin müraciət etdiyi hazırkı ritorika daha çox Azərbaycanın düşməni Ermənistanın və regionda nəzarətini gücləndirmək istəyən Rusiyanın maraqlarına uyğundur. Azərbaycan hakimiyyətinin Qərbi sərt tənqid etməsi Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllini də uzadır.

“Hakimiyyət əslində siyasi baxımdan dalana dirənib”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, hakimiyyət əslində siyasi baxımdan dalana dirənib. Çünki bir qayda olaraq hakimiyyət beynəlxalq səviyyədə Azərbaycana yönəlik tənqidlərə cavab olaraq həmişə bu tənqidlərin arxasında erməni lobbisinin dayandığını deyirdi. Ancaq Avropa Parlamentinin siyasi məhbuslara azadlıq tələb edən bundan əvvəlki qətnamsində Azərbaycanın ərazi bütövlüyü müdafiə olunurdu: “Avropa Şurasının da qəbul etdiyi son qətnamədə Azərbaycanın Qarabağ məsələsindəki mövqeyi dəstəklənirdi. Bütün bunlardan sonra bu qurumları erməni lobbisi ilə bağlamaq gülünc görünür. Diqqət edin, Rusiya Ermənistana ən müasir silahalar verir, yeni hərbi texnika almaq üçün 200 milyon dollar vəsait ayırır. Amma bununla bağlı nəinki parlamentin müzakirəsini keçirmirlər, Milli Məclisin yığıncağında Avropa əleyihinə danışanların biri də cınqırını çıxarmır. Siz əgər elə vətən təəssübü çəkənsiznisə niyə Rusiyanın Ermənistanı silahlandırmasına səsinizi çıxarmırsınız? Niyə demirsiniz ki, Moskva təcavüzkar Ermənistanı silahlandırır? Deyə də bilməzsiniz, çünki sizi danışdıran vətənpərvərlik, dövlət maraqları deyil”.

F.Qəhrəmanlının sözlərinə görə, Avropa qurumları Rusiyadan fərqli olaraq açıq formada Azərbaycanın ərazi bütövlüyünə dəstək versə də, Milli Məclis yığışıb Avropaya qarşı təhqirlər yağdırır. “Niyə, çünki bunları Avropanın Azərbaycanın ərazi bütüövlüyünə dəstək verməsi, Qarabağ məsələsində ölkəmizin mənafelərini müdafiə etməsi qətiyyən maraqlandırmır, bunları narahat edən odur ki, niyə Qərb ölkəmizdə azad seçki istəyir, niyə repressiyaları dayandırmağı tələb edir? Çünki bu iqtidarın dərdi ölkə maraqları yox, korporativ hakimiyyət mənafeləridir. Bütün bu baş verənlər təbii ki, ölkəmizi beynəlxalq səviyyədə təcridə aparır və Ermənistanın himayəçisi sayılan Rusiyadan daha çox aslı vəziyyətə salır. Bu da o deməkdir ki, beynəlxlaq aləmdə təcrid olunub, dəstəyini itirən və Rusiyanın vassalına çevrilən Azərbaycan hakimiyyəti heç vaxt Qarabağ məsələsində ciddi addımlar ata bilməyəcək. Bu da ilk növbədə Ermənistanın maraqlarına xidmət edən bir haldır”, deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal