O, məhkəmə sistemindəki ədalətsizlikdən narazıdır
Qəbələ rayonu, Böyük Əmili kənd sakini Cəmaləddin Nemətli “Azadlıq”a müraciət edib. Müraciətdə deyilir:
“Mən Şəki Rayon Məhkəməsinin 25.02.15-ci il tarixli hökmüylə məhkum edilmişəm. Məhkumluğuma səbəb yazdığım sözlərdir ki, ona görə də özümə haqq qazandırmıram. Doğrudur, hövsələsizlik etmişəm, peşimanam və bu barədə hökmün 6-cı səhifəsində də qeyd edilib. Lakin nə faydası.
Gəncə Apelyasiya Məhkəməsinin qərarıyla hökm qüvvədə saxlandı və mən hökm və qərardan kassasiya şikayəti vermişəm. Bu işə sentyabrın 16-da Ali Məhkəmədə baxılacaq. Kassasiya şikayətimin təmin olunacağına ümidim yoxdur. Çünki bu işin arxasında Qəbələni özününküləşdirən oliqarxlardan biri dayanıb. Həmin oliqarxdan özününküləşdirdiyi obyektdən məhkəmə yoluyla əmlak payımı tələb etmişəm. Iddiam təmin olunmayıb. Əvəzində mənə bu cəzanı verdirib. Kassasiya şikayəti verəndən sonra ibtidai istintaq zamanı mənə edilən qərəzli hərəkətlərə görə iki dəfə DIN-ə müraciət etdim. Müraciətlərim nazirliyin katibliyindən keçmir və başlarından etmək üçün rayon polis şöbəsinə göndərilir.
MTN-nin Qəbələ rayon şöbəsinə müraciət etmiş və çağırılıb dindirilmişəm. Lakin heç bir nəticə yoxdur. Xahiş edirəm üzləşdiyim vəziyyətin araşdırılıb hüquqlarımın təmin edilməsinə yardımçı olun”.
Sosial şöbə