Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
15 sentyabr təqvimdə Bilik günüdür. Guya yeni dərs ili başlayır. “Guya” deyirik, çünki Azərbaycanda dərs ilinin başlaması, ya da bitməsi formallıqdan başqa bir şey deyil, hər günümüz dərssizliklə, məktəbsizliklə, təhsilsizliklə keçir.
Biz övladlarımızı məktəbə yola salırıq ki, onlar gedib bilik, savad sahibi olsunlar, cəmiyyətə, bəşəriyyətə yararlı, faydalı insanlar kimi böyüsünlər. Bunların bilərəkdən məhv etdikləri, çürütdükləri təhsil sistemi sayəsində isə onlar gedib məktəbdə şəxsiyyətə pərəstişi öyrənirlər, onlara fondpulu, süpürgəpulu, təbaşirpulu, təmizlikpulu, təmirpulu adı altında rüşvəti dadızdırırlar.
Dərsliklərin səviyyəsinə baxın! Bu dərsliklərlə yetişən bir insan hansı zövq, hansı normal düşüncə sahibi ola bilər?!
Ya da müəllimin qoynunda saxta bülleten gizlədib onu topa-topa seçki qutusuna doldurduğu bir ölkənin təhsil sistemi necə çağdaş, irəligörüşlü, mədəni vətəndaş yetişdirə bilər? Bir ölkədə ki, müəllimin adı seçki saxtakarlığı ilə, ya da 8 mart pulu, jurnalpulu ilə assosiasiya edilsin, bir zamanlar “bilik məbədi” dediyimiz məktəb saxta seçki məntəqəsi səviyyəsinə endirilsin, o ölkədə təqvimin hansısa gününü Bilik günü adlandırmaq, yeni dərs ilindən basıb-bağlamaq komik deyilmi, gülməli deyilmi? Gülməli və ağlamalı.
Ən əsası: qoruq müdirinin təhsil naziri qoyulduğu bir yerdə biz daha nədən danışırıq, nəyi dartışırıq?
Açıq demək lazımdır: bugünkü Azərbaycan reallığında övladını sadəcə, məktəbin ümidinə buraxmaq, sonra da gözləmək ki, o məktəbi bilikli, eyni zamanda əsl, nümunəvi vətəndaş kimi bitirəcək – bu fiksiyadır, filfilodur. Valideynlərin üzərinə düşən yük indi həmişəkindən daha böyükdür. O, yarıtmaz hala salınmış təhsil sisteminin övladlarının beyninə yeritdiyi zərərli, zəhərli vərdişləri silib-atmağa borcludur. O, övladında rüşvətə, yalana, yaltaqlığa qarşı immunitet yaratmağa, onun aydın, ləyaqətli, vicdanlı bir vətəndaş kimi yetişməsində birbaşa iştirak etməyə borcludur.
Əlbəttə, çoxluğun mənəvi köləyə çevrildiyi, özünü rəiyyət hesab etdiyi bir vəziyyətdə bu xeyli dərəcədə maksimalist istək kimi görünür. Amma unutmamaq lazımdır ki, biz çəkdiyimiz məşəqqətləri, əzabları övladlarımızın çəkməməsini, biz düşdüyümüz zibilə onların da düşməməsini, onların da bizim kimi hüquqsuz, kölə olmasını istəmiriksə, ən azı bunu bacarmalıyıq: onlara yalanla, haramla, yaltaqlıqla, döyənə əlsiz, söyənə dilsiz olmaqla yaşamağın sirlərini öyrətməli, onlara dürüstlük, mübarizlik hisslərini aşılamalıyıq.
Azərbaycan cəmiyyətinin xilası ancaq bundadır. Bu ölkədə yalançı, yaltaq, rüşvətxor nə qədər azalacaqsa, aydın, azad, firavan bir ölkə olmaq ümidi də o qədər artacaq.
Siz həqiqətləri uca səslə deməkdən qorxa bilərsiniz. Siz ölkəni başına alan bunca pisliyə, yamanlığa dirəniş göstərməkdən hürkə, çəkinə bilərsiniz. Anladıq, başa düşdük.
Amma övladlarınızı ki, bilik və ləyaqət sahibi olaraq böyütmək, onları şüurlara yeridilməyə çalışılan yalanlardan qorumaq öz əlinizdədir! Buna görə ki, həbs edilmək, işdən atılmaq, döyülmək, sürgün olunmaq qorxusu yoxdur.
Və nəhayət: biz biliyi, təhsili yalnız diplomdan ibarət görməməliyik. Bu axmaq düşüncədən əl çəkməliyik ki, guya diplom – bilik meyarıdır, guya diplom yüksək savaddan, intellektdən, bacarıqdan xəbər verir. Həmin axmaq düşüncənin nəticəsidir ki, biz indi diplomlu cahillərin əlində girinc olmuşuq, onlar “kamaz” altda qalmış “3″lərlə aldıqları diplom sayəsində bizi soyub-talamaqla, minib çapmaqla, 21-ci əsrdə ölkəni orta çağ yöntəmləri ilə idarə etməklə məşğuldurlar.
Siz övladlarınızın həqiqətən bilik sahibi olmasına çalışın. Çalışın, onlara siz yox, özlərinin qazandıqları biliklər yön versin, istiqamət versin. Qoy onlar nəhayət ki, mədələri ilə yox, beyinləri ilə düşünməyi və qərar verməyi öyrənsinlər. Bax o zaman özünüzə də, övladınıza da, ölkənizə də ən böyük yaxşılığı etmiş olacaqsınız. Azərbaycanın düşdüyü bu bataqlıqdan gerçək qurtuluşunun başqa yolu yoxdur.