Hökumət gələnilki büdcədə nefti 50 dollardan hesabladı

neft

Qadir İbrahimli: «Məsələyə hələ nikbin yanaşıblar, çünki neftin 30 dollara qədər düşəcəyinə dair proqnozlar var»

Maliyyə Nazirliyi 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrini açıqlayıb. Qeyd olunub ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.

Layihədə göstərilib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat proqnozlaşdırlıb. Bunun 6 milyard manatını Dövlət Neft Fondundan transfertlər təşkil edəcək.

Xatırladaq ki, Rusiya hökuməti də 2015-ci il büdcəsində neftin qiymətini bazar qiymətləri ilə müqayisədə həddən artıq yüksək – 96 dollar götürmüşdü. Ancaq indi Rusiyada neft bazarlarında ÿbaş verənlərdən dərs götürüblər. Rusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov 2016-cı ilin büdcəsində neftin qiymətinin 50 dollardan götürüləcəyini bildirib.ÿRusiya hökumətinin təmsilçisi gələn il ərzində neftin qiymətinin 40 dollara da enə biləcəyini, lakin bunun uzunmüddətli olmayacağını deyib. Hazırda Rusiyanın gələnilki dövlət büdcəsində neftin qiyməti 50 dollardan hesablanıb. Qazaxıstan isə büdcədə neftin qiymətini 40 dollardan müəyyənləşdirib.

Bir müddət öncə ARDNŞ prezidenti Rövnəq Abdullayev də 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50-55 dollardan götürülməli olduğunu demişdi. Onun sözlərinə görə, baş verən proseslərlə əlaqədar büdcəyə ödənişlər təbii olaraq aşağı düşəcək və gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürüləcək.

Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, hökumət neftin qiymətini 50 dollardan hesablamaqla hələ məsələyə nikbin yanaşıb. Ekspertin sözlərinə görə, dünya bazarında gedən tendensiyalar hökumətdən daha mühafizəkar rəqəmlərə hazır olmağı tələb edir. Lakin hökumət optimizmə meyllənib.

Dünya bazarında neftin qiymətinin enməsi prosesi gedir və proqnozlara, təhlillərə görə, yaxın bir ildə neftin bahalaşacağı gözlənilmir. Neftin, hətta 20-30 dollar həddinə qədər ucuzlaşacağı barədə proqnozlar var. Bu baxımdan hesab edirəm ki, hökumət məsələyə hələ bir qədər də optimist yanaşıb. Rusiyada da iqtisadi durum Azərbaycanla oxşar bir vəziyyətdədir. Orada da eynilə hökumət məsələyə optimist yanaşma nümayiş etdirir. Neftin qiyməti 50 dollardan yuxarı qalxmasa, onda Azərbaycan hökuməti müəyyən xərcləri təxirə salmağa məcbur olacaq”, – deyə ekspert bildirib.

Nigar