Şair Saday Şəkərlinin yeni şeirini oxuculara təqdim edirik. Şeirdə Azərbaycan cəmiyyətinin əxlaqi-mənəvi durumu maraqlı poetik ifadələrlə əks edilib:
“üzünə neft yaxılmış dəniz kimi ləkəliydi cəmiyyət,
qeyrəti, ləyaqəti oğurlandığından, oğru olmuşdu özü də,
bircə hakim dalğalar cinayətkarları boğmaq iqtidarında deyildi,
ya da fürsət gözləyirdi dəli tufanlar qopsun,
sərsəri küləklər əssin, şimşəkli, ildırımlı yağışlar yağsın,
lakin, adamlar siçan kimi haram ruziləri daşıyırdı,
oğurluq pullarla divarları hörülmüş,
bünövrəsi xurafatdan qoyulmuş uca imarətlərinə,
əkin yerlərində sünbüllər başını aşağı sallamışdı xəcalətdən,
uşaqlar doğulan kimi, döşləri qurumuş anaya baxıb ağlayırdı bu ölkədə,
oxunan ayələrə haqq aldığından urvatsız olurdu mollaların duası,
savab qazanmağın yollarını öyrənə bilmirdi Həccə gedənlər,
bayquşlar çoxdan ulamışdılar bu dağılmış məmləkətin üstündə,
bircə mənim alnımdakı yazıdan qorxmasaydılar,
alnımdakı ay işığı, içimdəki vicdanın projektoruydu sanki,
uzağı görə bilən iti gözlərini qamaşdırırdı bu yırtıcı quşların,
siçanlar arxayın azuqə yığır ömürlərindən uzun bir zamana,
alnıma bir güllə çaxın, xarabalıq olduğutək görünsün…”