Ziya Məmmədov qorxuya düşüb

ziya memmedov«Vurulacağından» ehtiyat edən nəqliyyat naziri müşavirə keçirdi

Nəqliyyat naziri Ziya Məmmədov müşavirə keçirib. Dünən keçirilən müşavirə nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2015-ci ilin 8 ayı ərzində yerinə yetirilən işlərin yekunlarına, nəqliyyat-yol kompleksi üzrə 2016-cı ilin büdcə və proqnoz göstəricilərinə və digər məsələlərə həsr olunub.

Nazirlikdən Report.az-a daxil olan xəbərə görə, Ziya Məmmədovun müşavirədə nazir müavini Musa Pənahov 2015-ci ilin 8 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Müşavirədə “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadovun hesabatları dinlənilib.

Ziya Məmmədov daha sonra çıxışında vurğulayıb ki, sentyabrın 8-də prezident Ilham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə nəqliyyat sektoruna aid səsləndirilmiş iradlar nazirliyin bundan sonrakı fəaliyyətin əsas istiqaməti olmalıdır.

Müşavirədə avtomobil yollarının tikintisi ilə məşğul olan şirkətlərin nümayəndələri də iştirak ediblər və nəqliyyat naziri bəzi yol layihələrinin icra müddətinin gecikdirilməsi, həmçinin yolların lazımi keyfiyyətdə çəkilməməsi ilə bağlı ciddi iradlarını bildirib, yarımçıq qalmış layihələrin bu ilin sonunadək başa çatdırılması barədə tapşırıqlar verib.

Müşavirədə, həmçinin, Nazirliyin tabeliyində fəaliyyət göstərən digər qurumların da fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, dəmir yolunda, eləcə də taksi və avtobuslarla sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, Ilham Əliyev dövlət büdcəsinə həsr olunmuş iclasda Nəqliyyat Nazirliyinin fəaliyyətini sərt tənqid etmişdi. Bundan sonra məlumatlara yayıldı ki, Ziya Məmmədovun “vurulması”na hazırlıq gedir. Görünür, nəqliyyat naziri də “vurulacağından” qorxuya düşərək təcili müşavirə keçirib.