Rusiya niyə hər iki tərəfi silahlandırır?

herbi-parad

Fuad Qəhrəmanlı: «Yürüdülən bu siyasət bölgədə Rusiyanın hərbi təsir imkanlarını artırmaq məqsədi daşıyır»

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Atəşkəsin pozulması artıq adi hal alıb. Bu arada hər iki tərəfin keçirdiyi hərbi təlimlər də bölgədə vəziyyəti kritik həddə çatdırıb.  ABŞ Dövlət Departamenti bütün bu məqamları nəzərə alaraq məsələyə münasibət bildirib.

“Ağır silahlardan istifadə və mülki əhali arasında itkilərin olması barədə məlumatımız var”. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib. “Bizim, Ermənistan və Azərbaycan qüvvələrinin beynəlxalq sərhəd boyunca minaatanlardan və digər ağır silahlardan istifadə etməsi, mülki əhali arasında itkilərin olması və kəndlərə ziyan dəyməsi barədə məlumatımız var. Vəziyyətin gərginləşməsindən dərin narahatlıq hissi keçiririk”- deyə Kirbi bildirib.

“Dövlət Departamenti gərginlikdən narahatdır”

Hər iki tərəfi mülki şəxslər arasında itkilərə yol verməməyə çağıran Kiribi, tərəflərin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin dinc yolla həllinin tapılması istiqamətində öhdəliklərinin olduğunu söyləyib.

Kirbi həmçinin ABŞ-ın qondarma Dağlıq Qarabağ Respublikasında keçiriləcək seçkiləri tanımadığını bildirib: “Münaqişənin həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək üçün rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz sentyabrın 13-də keçiriləcək qondarma seçkiləri regionun hüquqi statusuna təsir edən amil kimi qəbul etməyəcəyik”.

“Rusiya hər iki tərəfi silahlandırır”

Eyni zamanda bölgədəki bir məqama da diqqət çəkmək yerinə düşər. Rusiya bölgədə aktivliyini artırmaqla münaqişə tərəflərini silahlandırmağa başlayıb. Əgər Ermənistana silah pulsuz başa gəlirsə, Azərbaycan bu silahların əldə olunması üçün neft pullarını xərcləyir. Hakimiyyət təmsilçiləri Rusiyadan silah alınmasını NATO ölkələrinin silah satışı ilə bağlı Azərbaycana embarqo qoyması ilə əlaqələndirir.

Bəs, Rusiyanın bu cür siyasət yürütməsində məqsədi nədir? Həm Ermənistanın, həm də Azərbaycanın silahlandırılması ilə Rusiya nə əldə edir?

fuad-qehremanli-enyeni

 

 

 

 

 

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Rusiya bir tərəfdən Azərbaycana silah satır, digər tərəfdən isə Ermənistanı pulsuz şəkildə, yardım formasında silahlandırır. Yürüdülən bu siyasətin bölgədə Rusiyanın hərbi təsir imkanlarını artırmaq məqsədi güddüyünü deyən F.Qəhrəmanlı vurğuladı ki, Ermənistanın hərbi potensialının artırılması ilk növbədə Rusiyanın Cənubi Qafqazda hərbi təsir imkanlarını müəyyənləşdirir: “Azərbaycanın da təsir dairəsində saxlanılması, Ermənistanın silahlandırılmasının ölkəmizin bir növ qəbul etməsi üçün paralel olaraq Azərbaycana da silah satışı həyata keçirilir. Burada əsas məqsədlərdən biri tərəflərə fərq qoyulmadığını göstərməkdir. Əslində isə Ermənistana silahlar pulsuz, yardım formasında verilir. Azərbaycana isə silahlar satılır. Kremlin daha bir məqsədi isə maliyyə ilə bağlıdır. İqtisadi blokadada olan Rusiya Azərbaycana öz silah bazarı kimi baxır. Azərbaycan böyük həcmdə silahları almaqla Rusiyanın hərbi-sənaye kompleksinə ciddi yardım göstərir”.

F.Qəhrəmanlı vurğuladı ki, ona görə Rusiya Azərbaycana silahı həm də iqtisadi maraqlarını təmin etmək üçün satır. F.Qəhrəmanlının sözlərinə görə, Rusiyanın bu siyasəti eyni zamanda bölgədə yaranan hərbi qüvvələr nisbəti üzərində Kremlin nəzarətini gücləndirir. “Həm Ermənistanın, həm də Azərbaycanın Rusiya silahlarına bağlı olması hər iki dövləti Rusiyadan asılı vəziyyətə salır”, – deyə F.Qəhrəmanlı bildirdi.

Xəyal