Bir ay içində iki xoşagəlməz olaya tanıq olduq. Emin Millinin və Rəsul Mürsəlovun qohumları onlardan imtina etdilər. Səbəb onların keçmiş siyasi məhbus, müxalifətçi olmasıdı. Rəsuldan imtina edənlər atası və başqa ailə üzvləridi. Eminin imtinaçıları isə bir az qəribə görünür – əmisi və uşaqları, bibisi və uşaqları. Ailə üzvü sayılmayan şəxslərin canfəşanlığını anlamaq o qədər də asan deyil. Bilmək olmur onları nə və kim məcbur edib ki, əməllərinə görə heç bir məsuliyyət daşımadıqları adamdan mütləq imtina eləməlidilər. Görünür, mənası var.
Məntiqsizlikdə məntiq tapmaq asan iş deyil. Üstəlik, məntiqsizlik həmişə məntiqsizlik doğurur. Eminin imtinaçıları: “Iradəsindən asılı olmayaraq əqidəsini dəyişən bu şəxs… Törətdiyi çirkin əməlləri ilə cəmiyyətə ayrı-seçkilik salmaq istəyən bu şəxs düzgün fikir altında müstəqil Azərbaycan torpağında – azad bir məmləkətdə nəinki sakit yaşamaq istəyir. Bu şəxs unudur ki, Azərbaycanda demokratiyanın hüdudları genişdir”. Və zəruri, sonralar çox istifadə ediləcək əlavə: “Ölkəmizin daxili və xarici siyasət kursunu həmişə birmənalı olaraq dəstəkləyir və dəstəkləməkdə davam edəcəyik”. Allah qüvvət versin. Amma bir orta savadlı adam tapıb bunu babat cümlələrlə yazdırmaq olmazdımı?
Qəribədi, iradədən asılı olmayaraq əqidəni necə dəyişmək olar? Axı əqidə iradə tələb eləyən şeydi. Əksinə, əqidəsizlik çox vaxt məhz iradəsizlikdən qaynaqlanır.
Azərbaycan gerçəkdən azad məmləkətdisə, nədən əqidəni dəyişmək olmaz? Bir də ki, Eminin əvvəlki əqidəsi nə idi və o, onu nəyə dəyişib? Bəs ərizəçilərin əqidəsi nədən ibarətdi?
Azərbaycanda demokratiyanın hüdudları genişdisə, o hardasa qurtarırmı? Bunu kim müəyyən edir. Heç bir rəsmi səlahiyyəti olmayan şəxs başqası üçün demokratiyanın sərhəddini müəyyən edə bilərmi? Bu harada yazılıb? Nəylə ölçülür? Bu ölçü cihazının sifarişçisi kimdi və onu harada istehsal ediblər?
Rəsulun işi lap qəlizdi. Ondan imtinanı hansısa qohumu yox, atası yazıb: “Biz oğlumuz Rəsulun siyasi fəaliyyətini dəstəkləmir və ondan imtina etdiyimizi bəyan edirik”. Imtina Prezident Administrasiyasına, MTN, DIN, Baş Prokurorluq və Ombudsman Aparatına göndərilib. O biri instansiyalarla hər şey aydındı. Görəsən Ombudsman Aparatında bu ərizələrə necə baxacaqlar? Birinciyə reaksiya verilməməsi göstərir ki, məmnunluq hissi yüksək səviyyədədi.
Qayıdaq imtinaçılara.
Ata oğlunun siyasi fəaliyyətini bəyənməyə bilər. Bu, onun hüquqla tanınan haqqıdı. Hüquqla, mənəvi qanunlarla yox. Biz hamımız uşaqlarımızla gərək olanda fəxr etdiyimiz kimi, onların pis əməllərinə görə də mənəvi məsuliyyətdən qaçmamalıyıq. Amma bilmək olmur ki, nəyə görə siyasi fəaliyyətini dəstəkləmədiyimiz uşağımızdan imtina edirik? O, hansı günahın sahibidi? Axı uşaqlarımızın da bizim kimi siyasi fəaliyyətlə məşğul olmaq, fikrini sərbəst ifadə etmək kimi konstitusion hüquqları var.
Son vaxtlar sosial şəbəkələrdə, mətbuatda dəfələrlə belə bir iyrənc hadisə barədə məlumat verilib: qardaş bacısını zorlayıb, ana oğlu ilə yataqda yaxalanıb və s. Ancaq bu adamların heç birinin qohumu imtina ərizəsi yazmayıb. Özünü dünyanın əşrəfi sayan müsəlmanın dini, mənəviyyatı, ləyaqəti bunu qəbul edirmi? Qəbul etmirsə, niyə susur? Axı müxalifətçilik bunca pis hərəkət deyil!
Söhbət təkcə Emindən, Rəsuldan, onların qohumlarından getmir. Bizim hər birimizin bir neçə belə qohumuna “diktant” yazdıra bilərlər. Söhbət iyirmi birinci yüzillikdə orta əsrlər düşüncəsi ilə dövlət idarə edənlərin, cəmiyyətə sürü psixologiyası aşılayanların təfəkküründən, mənəviyyatından gedir. Azad, demokratik hüquq dövləti qurduğunu iddia edənlər belə hadisələrin xoruzun quyruğuna oxşadığının fərqində deyillərmi?
Amma Eminlə Rəsul həm də xoşbəxt adamlardı. Indi onların avtobioqrafiyaları vicdanları kimi təmizdi.