xin-yeni

“Diplomat qalmaqalı” hakimiyyətdə ciddi narahatlıq yaradıb

xin-yeniİqtidar diplomatların etimadsızlıq göstərə biləcəyini düşünür

“Bütün dövlət qurumlarında olduğu kimi xarici işlər nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcəkdir”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçiriləcək xarici işlər nazirlərinin şurasında iştirak etmək üçün Qazaxıstana yola düşməzdən əvvəl KIV nümayəndələrinə açıqlamasında bildirib. “Möhtərəm cənab Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidirlər ki, xarici işlər nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə cənab Prezidentimizin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edir”, – deyə Elmar Məmmədyarov əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovla bağlı qalmaqaldan sonra daha iki diplomat Xarici Işlər Nazirliyindən (XIN) uzaqlaşdırılıb. Bunlar Azərbaycanın Avstraliyadakı səfirliyinin əməkdaşları Anar Həsənovla Fərid Sübhanverdiyevdir. XIN-in yaydığı məlumatda iddia olunur ki, hər iki diplomat işdə yol verdikləri nöqsanlara görə işdən çıxarılıb. Lakin Anar Həsənov Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya faktlarını üzə çıxardığına görə hədəfə gəldiyini bəyan edib. O XIN-i korrupsiya yuvası adlandırıb.

“Azadlıq”a daxil olan məlumata görə isə diplomatların “vurulması” Arif Məmmədovla bağlı qalmaqaldan sonra Azərbaycan hakimiyyətinin ciddi narahatlıq içində olması ilə bağlıdır. Hakimiyyətlə Qərb arasında qarşıdurmanın olduğu bir vaxtda diplomatların məmurları tənqid etməsi, iqtidarın maraqlarına zidd açıqlamalar verməsi Prezident Administrasiyasında ciddi narahatlıq yaradıb. Iqtidarda bütün bunlar təsadüfi hesab edilmir. Məlumatda bildirilir ki, hakimiyyət parlament seçkilərindən sonra legitimlik məsələsinin ciddi problemə çevrilməsi və Qərbin bu məsələdə diplomatlardan da istifadə edə biləcəyini düşünür. Arif Məmmədovun da “vurulan” diplomatlarla kölgə XIN-i yaradıla biləcəyini açıqlaması hakimiyyətin şübhələrini daha da artırıb.