“Azadlıq” yenə təhlükədə – Nəşriyyat qəzetə 10 gün vaxt verdi

azadliq qezetiQəzet bu müddətdə borcunu ödəməsə, çapı dayandırılacaq

“Azadlıq” qəzeti fəaliyyətini dayandırmaq təhlükəsilə üzləşib. “Azərbaycan” nəşriyyatından redaksiyaya daxil olan xəbərdarlıq məktubunda deyilir ki, qəzet növbəti on gün ərzində borcunu ödəməsə, sentyabrın 21-dən çapı dayandırılacaq.

Məktubda o da qeyd olunur ki, “Azadlıq”ın nəşriyyata çap xərclərinə görə 19 min 220 manat, kommunal xərclərə görə isə 1065 manat borcu var.

Qeyd edək ki, göstərilən borc redaksiyanın məsuliyyətsizliyi və ya məqsədli şəkildə ödəmədən yayınma nəticəsində yaranmayıb. Məsələ burasındadır ki, YAP Siyasi Şurasının üzvü, deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firması “Azadlıq” qəzetinə olan 70 min manat borcunu ödəməkdən imtina edir. Yəni, Nəşriyyata olan borcumuzun 3 qatı qədər də “Qasid”in bizə borcu var. Qəzetin əməkdaşları aylardır ki, əməkhaqqı üzünə həsrətdir.

Üstəlik, qəzet satışına yaradılan maneələr, digər yayım şirkətlərinin vaxtında ödəniş etməməsi də əlavə çətinliklər yaradıb.

KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu da gündəlik heç 50 nüsxə satılmayan qəzetlərə külli miqdarda vəsait ayırdığı halda, “Azadlıq” bundan da məhrum edilib.

Beləliklə, “Azadlıq”ın özünü dolandırmasında, nəşriyyatın xərclərini ödəməsində ciddi çətinliklər yaranıb.

“Azadlıq” qəzeti 25 ildən artıqdır ki, azad sözün yaşamasına, prinsipial qəzetçiliyin meydanda qalmasına xidmət edir. Amma təəssüf ki, hakimiyyətin uzun müddətdir qəzetə yaratdığı əngəllər “Azadlıq”ı fəaliyyətini dayandırmaq təhlükəsilə üz-üzə qoyub. Heç bir şübhə yoxdur ki, YAP Siyasi Şurasının üzvü olan deputatın “Azadlıq”a borcunu ödəməkdən imtina etməsi qəzeti susdurmaq siyasətinin  tərkib hissəsidir.

Bir sözlə, “Azadlıq” qəzeti növbəti dəfə ağır sınaq qarşısındadı. Biz heç vaxt çətin sınaqlardan prinsiplərimizi kövrəltmək hesabına çıxmamışıq. Əksinə, ən ağır sınaqlardan üzüağ çıxmışıq və oxucuların dəstəyinə arxalanmışıq. “Azadlıq” yüzminlərlə oxucuya həqiqəti çatdırıb, insanların informasiya tələbatını ödəməyə çalışıb və bu qapını döyənləri əliboş qaytarmayıb. Bu mənada, “Azadlıq” qəzeti ümummmilli məna daşıyıb və hamının qəzeti ola bilib. Indi hamının qəzetini hamıdan almaq istəyirlər. Milyardların talan edildiyi ölkədə, milyonlara xidmət edən qəzeti 20 min manat borca görə dayandırmaq istəyirlər. 25 yaşlı qəzetə yaşamaq üçün 10 gün vaxt veriblər.

Biz böyük yükün altına girməyi bacarsaq da, bu böyük borcu ödəmək iqtidarında deyilik. Bizim gücümüz heç vaxt maddiyyatda ifadə olunmayıb. Biz həmişə mənəvi kapitalın arxasınca qaçmışıq!

“Azadlıq”