Əliyev Fransa telekanalına niyə hiddətlənir?

ollandeliyev“Diktator” kimi təqdim olunmaq istəmirsizsə, demokrat kimi  addım atın

Azərbaycan hakimiyyəti Fransanın “France 2″ dövlət telekanalına qarşı iddia qaldırmaq niyyətindədir. Belə ki, telekanalın nümayiş etdirdiyi jurnalist araşdırmasında Azərbaycan ”diktarura”, ölkə başçısı Ilham Əliyev isə “despot” adlandırılıb. Bu barədə sentyabrın 9-da “France Presse” agentliyi vəkil Olivye Pradoya isnadən bildirib.

“Jurnalistlər Eliz Lüse və Loran Rişar proqramda Azərbaycanı dünyadakı ən sərt diktaturalardan biri kimi təqdim edirlər”, – deyə Azərbaycan hökumətinin fransalı vəkili Olivye Prado agentliyə bildirib.

“France 2″ sentyabrın 7-də populyar ”Cash investigation” proqramında ölkə rəsmilərinin, özəlliklə də Fransa prezidentlərinin diktatorla münasibətlərini şərh edən veriliş yayımlayıb. Verilişdə Fransa prezidenti Olland azərbaycanlı həmkarı Ilham Əliyevlə münasibətlərinə görə tənqid edilib. Proqram müəlliflərinin fikrincə, Ilham Əliyev kimi bir diktatorla oturub-durmaq elan edilmiş mənəvi-siyasi dəyərlərə xəyanət deməkdir. Proqram zamanı Azərbaycanda diktaturanı təmizə çıxarmağa çalışan fransalı siyasətçilər, o cümlədən Rəşidə Dati də tənqid olunur.

Göründüyü kimi Azərbaycan hakimiyyəti əndazəni o qədər aşıb ki, artıq baş verənlərə heç kim səssiz qalmaq istəmir. Bu qədər tənqidlər, beynəlxalq qətnamələr, öhdəliklərə əməl etməklə bağlı tələblər cavabsız qalır. Ona görə də dünya mətbuatı da Azərbaycan hakimiyyətini öz adı ilə çağırır.

Bu hakimiyyət elə zənn edirdi ki, ictimai-siyasi xadimləri həbs etməklə, ölkə həqiqətlərini dünyadan gizlətmək olacaq. Başa düşmürlər ki, bütün dünyadan təcrid olunmuş, heç bir alternativ fikrin olmadığı Şimali Koreyada baş verənlər də dünyadan gizli qalmır.

Bir daha sübut olundu ki, Xədicə Ismayılı həbs etməklə korrupsiya cinayətlərini, Leyla Yunusu həbs etməklə insan haqlarının pozulmasını, Anar Məmmədlini həbs etməklə seçki saxtakarlığını gizlətmək mümkün deyil. Əksinə, bu həbslərin əsl səbəbi aydın olur və ifşa prosesi sürətlə gedir. YAP hakimiyyəti Xədicə Ismayılı, Seymur Həzini həbs etsə də, Fransa, Almaniya telekanalları bu adamların fəaliyyətindən, mübarizəsindən danışır.

Məsələ burasındadır ki, beynəlxalq aləmi şərləyib həbs etmək, bu adamların cibinə narkotik atdırmaq, doğmaları ilə şantaj etmək mümkün deyil.

Üstəlik, Fransa məhkəmələrində oturan hakimlər hakimiyyətin satınaldığı, sifarişlə hökm çıxaran hakimlər də deyil.  Yəni, repressiyalarla hakimiyyət simasını gizlədə bilmir və bütün dünyada sürətlə nüfuzdan düşür.

“Diktator” kimi təqdim olunmaq istəmirsizsə, demokrat kimi addım atın. Bütün qanunsuzluqların zirvəsini zəbt edib, həm də müqəddəs kimi təqdim olunmaq mümkün deyil. Fransada milyonluq layihələr həyata keçirmək, muzeylər təmir etdirmək də reallığı dəyişə bilmir.

Şübhəsiz ki, məhkəmə baş tutsa, həmin telekanalın ciddi arqumentləri olacaq və heç kimə şər atmaqdıqlarını sübut edəcəklər.

Bir sözlə, özü yıxılan ağlamaz.

Samir