Müəllimlərin işə qəbuluyla bağlı narazılıqlar var

muellim

Müzəffər Baxışov: «Diplomun olması əsas şərt deyil»

2015-2016-cı tədris ilində ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə bir sıra məqamlarla yadda qalıb. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə qarşı  müsabiqənin birinci yerləşdirilmə nəticəsinə görə, 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb və əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Ümumilikdə 2233 nəfər işə qəbul edilib ki, bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəricilərinin ötən ilin nəticələrindən 32 faiz çox olduğu bildirilir. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1692 nəfər olub. Nazirlikdən qeyd ediblər ki, bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya şikayəti verən olmayıb.

Rəsmi qaydada şikayət edən yoxdursa da, ümumilikdə bölgələrdən gələn xəbərlər vakant yerlərə yerləşdirilmədən narazılığın olduğunu söyləməyə əsas verir. Belə ki, bir rayonda müəllim yeri boş qaldığı və orada kifayət qədər diplomlu mütəxəssis olduğu halda, başqa bir rayondan vakant yerə müəllim təyin edilir və bu da haqlı olaraq yerli kadrlarda narazılıq yaradır. Həmin mütəxəssislər diplomlarına olan etibarsızlıqlarını da dilə gətirməkdən çəkinmirlər. Bu halda müəllimlərin işə qəbuluyla bağlı qaydalar məhkəmə predmeti ola bilərmi?

muzeffer_baxis

 

 

 

 

 

 

Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, istənilən sahədə  müsabiqə və imtahanın tərəfdarı olmaq vacibdir. Çünki obyektiv şəkildə reallaşdırılan imtahanlar həqiqətin üzə çıxmasına, normal kadrların yerləşdirilməsinə xidmət edir. Müzəffər bəy obyektiv qiymətləndirilmənin gərəkliyinə diqqəti çəkərək bu prosesin müsbət tərəflərindən bəhs edir:

“Misal üçün BDU-nun hüquq fakültəsini bitirən, Içərişəhərdə xalça satan tələbə həmin 5 ilin hardan gəlib hara getdiyini bilmədi. Təbii ki, onun da ali təhsil diplomu var. Eləcə də müəllimin ali təhsil barədə diplomu ola bilər. Problem odur ki, müsabiqələrdə ədalətsizliyə, yaxın adamların yerləşdirilməsinə yol verilir. Diplomun olması əsas şərt deyil. Normal müsabiqədən keçən insanlar həmin yerləri tutmalıdır. Müsabiqələr də obyektiv keçirilməlidir və qiymətləndirmədə heç bir şübhə olmamalıdır. Lakin ölkədə keçirilən əksər müsabiqələrə bu mənada ciddi şübhə var. Müəllimin diplomu ola bilər, lakin biliklərin təkmilləşdirilməsi gedir, yeni texnologiyalar üzə çıxır. Müəllim də biliyini bu mənada artırmalıdır. Müəllimlərin müsabiqə yoluyla işə qəbulu bu mənada mütləqdir”.

Nigar