2,5 milyon borclunun gücü

seadetSəadət Cahangir

Ölkədə nə az, nə çox, düz 2,5 milyon nəfər kredit borclusu varmış. Bu rəqəmi görəndə insanın başından od qalxır. Bir yandan da o sayda insandan daha şanslı olduğuna şükür edirsən. Nə etmək, bu qədər bahalığın, yoxsulluğun, talanın və böhranın içində borclu olmadığımıza da şükür! Onsuz da son 4-5 ayda ərzaq bazarındakı qiymət artımı ilə bizə olan olub. Hələ bu harasıdır? Devalvasiyanın ikinci dalğasını gözləyin! Hökumət nağıllarında çox şey uydurub deyə bilər. Iqtisadçı ekspertlər isə məlum böhranın qaçılmaz olduğunu vurğulayır. Əksini göstərən normal arqument varsa, ortaya qoyulsun, biz də bilək. Kor nə istər, iki göz – biri əyri, biri düz. Kor günə qoyulmuş həyatımızda bircə işimiz düz olsaydı barı. Amma harda o xoşbəxtlik? Uzun illərdən bəri ölkə insanı “borclu borclunun sağlığını istər” təsəllisi ilə gününü yola verib, həyatının dəyişəcəyinə ümid edirdi. Bir gün ayılıb gördü ki, borclu onun sağlığını filan istəmir. Borclu bu zaman kəsiyində onun boynuna yüklədiyi böyük məbləğ borcu geri istəyir. Həm də iki ayağını bir başmağa dirəyib istəyir. Geriyə də heç bir yol yoxdur…

Heç şübhəsiz ki, bir zəngin neft-qaz ölkəsində bütün bunlar baş verməməliydi. 9 milyon əhali o sərvətlərdən gələn milyardlarla şah kefində yaşaya bilərdi. Ağılı, düzgün, düşünülmüş idarəçilik olsa, o sərvətlər sayəsində milyonlarla iş yeri açılar, ölkənin gəliri yüz il bundan sonraya da çatardı. Olmadı. Nədən olmadığını hamımız bilirik. Bilirik ki, o lənətlənmiş milyardlar bir qrupun cibinə axıb getdiyindən, bizim arzularımız gözümüzdə qaldı. Əslində, çox şey istəməmişdi bu ölkənin sadə insanı. Qabiliyyətinə uyğun bir iş yeri, əməyi dəyərində bir maaş, qanunların işlədiyi və hər kəsin qanuna tabe olduğu bir düzən istəmişdi. Şübhəsiz, oğurluq və saxtakarlıq üzərində qurulmuş bir hakimiyyət piramidasının işi deyildi bunları etmək. O üzdən hər şey proqnoz edildiyi kimi vahiməli nöqtəyə gəlib dirəndi. On illər sonra həmin o qara düyünlü nöqtədəyik – 2,5 milyon kredit borclusunun qan ağladığı nöqtədə. Ölkədə yoxsulluq insanları əzə-əzə başı aşağı əyir. Əhali kasıblıq məngənəsində batır, iş yerləri bağlanır, banklar borcluları sıxır, amma həmin dediyimiz bir qrup öz işindədir. Onların üstündən yel də keçməyib anlaşılan. Oyunu oyun, bazarı bazar, alveri alver davam edib gedir…

Dediyim bazarı da bunu təkcə adi bazar anlamı kimi qəbul etməyin. Bilirsiniz, bu ölkənin bazarlarında çoxdan həm də qul alveri gedir. Uzaq əsrlərdən eşitdiyimiz “qul bazarı” deyimi də bu illərdə dilimizin işlək ifadəsinə çevrilib. Amma bu ölkə insanı özünün o qullar kimi istismar olunduğunun fərqindədirmi? Zəhmətinin, haqqının, payının, bu gününün, gələcəyinin alınıb-satıldığının necə? Bu ölkənin 2, 5 milyon nəfər kredit borclu insanı heç düşündümü nədən bu duruma gəlib düşdüyünü? Hər ay qanından, canından çıxardığı o yüksək faizlərin axdığı bankların kimlərə məxsus olduğunu keçirdimi heç ağlından? Bu ölkəyə qanuni şəkildə bizim hamımıza aid olan təbii sərvətlərdən böyük pullar gələcəkdi, hara uçdu o pullar? Biz nədən beləcə pərişan, çarəsiz, yoxsullaşmış hala düşüb quru yurdda qaldıq ki? Heç bu sualı verdinizmi özünüzə? Bu ölkənin gələcəyi, həm də sizin övladlarınızın gələcəyi üçün özünü oda-közə vuran insanların səsinə səs verdinizmi bircə dəfə? Bircə dəfə sosial çağırışlı o etiraz aksiyalarına qoşuldunuzmu? Dinc şəkildə o meydanlara çıxıb öz halal haqqınızı tələb etməyi düşündünüzmü? Etmədiniz, şübhəsiz ki. Qorxdunuz, susdunuz, gizləndiniz, qınınıza çəkilib məsuliyyətdən qaçdınız. Bütün bunları etməsəydiniz, susmasaydınız, haqqınızı israrla tələb etsəydiniz, indi ölkənin durumu başqa cür olacaqdı. Inanın, elə sizin durumunuz da. 2,5 milyon adamın gücü bilirsiniz nə deməkdir?