Türkiyə ordusu İraqa girdi

turk-asker

Son üç gündə 30 şəhid verən Türkiyə PKK-ya qarşı qisas əməliyyatı başlatdı

Türkiyədə həftələrdir davam edən PKK terroru səngimək bilmir. Sentyabrın 6-da Hakkarinin Dağlıca bölgəsində 16 şəhid verən Türkiyə dünən də ağır günlərindən birini yaşayıb.

PKK silahlıları bu dəfə də Iğdır vilayətində terror aktı törədiblər. Hadisə Iğdırdan Naxçıvan Muxtar Respublikasına gedən yolda – Dilucu sərhəd məntəqəsində baş verib. Məntəqədə keşik çəkən polisləri daşıyan mikroavtobus Həsənxan kəndindən keçərkən terrorçuların bombalı hücumuna məruz qalıb. PKK-çıların əvvəlcədən yola yerləşdirdiyi bomba kənardan idarə olunmaqla partladılıb. Hadisə zamanı 13 polis həhid olub. Bir neçə polis əməkdaşı isə yaralanaraq Iğdır Dövlət Xəstəxanasına yerləşdirilib. Olaydan dərhal sonra yerli əhali qan vermək üçün xəstəxanaya axın edib. Ölkənin daxili işlər naziri Selami Altınok isə hadisə yerinə yollanıb.

Dilucu sərhəd məntəqəsi bir neçə gün əvvəl də PKK-nın hücumuna məruz qalmışdı. Avqustun 27-də terrorçular məntəqəyə atış açmış, nəticədə bir polis əməkdaşı yaralanmışdı.

Dünən növbəti şəhid xəbəri Tuncelidən gəlib. Mətbuatın yazdığına görə, bu bölgədə PKK terrorçuları polis əməkdaşını qızının gözü qarşısında qətlə yetiriblər.

Xatırladaq ki, iki gün əvvəl PKK Hakkarinin Dağlıca ərazisində hərbiçiləri daşıyan avtomobilə bombalı hcüum etmiş və nəticədə Türk ordusunun 16 əsgəri həyatını itirmiş, 6 əsgər yaralanmışdı. Göründüyü kimi, son üç gündə Türkiyə 30 şəhid verib, bir neçə əsgər və polis isə ağır xəsarətlər alıb.

PKK-ya qarşı qisas əməliyyatı özünü çox gözəltməyib. Türkiyə ordusu dünən Iraq ərazisinə girib. Məlumatlara görə, Quru qoşunlarının bu əməliyyatı Dağlıca bölgəsində 16 türk əsgərinin terrorçular tərəfindən öldürülməsinə cavabdır. Iraq ərazisinə keçən hərbiçilərə havadan hərbi təyyarələr də dəstək verib. O da bildirilir ki, əməliyyat qısamüddətli olacaq və məqsəd, son terror hücumlarında əli olan PKK-çıları isti izlərlə ələ keçirməkdir.