İxtisar növbəsi seçkini saxtalaşdıranlara çatdı

seckiHakimiyyət «JEK» işçilərini necə «mükafatlandırdı»?

Xeyli müddət əvvəl yazmışdıq ki, Azərbaycanda “JEK”lər ləğv olunacaq. Ilk vaxtlar yazdıqlarımıza ciddi reaksiya verilməsə də, indi bu xəbər rəsmi şəkildə təsdiqini tapır. Milli Məclisdən verilən məlumatda deyilir ki, “JEK”lərin səlahiyyətinin əsas hissəsi yerli bələdiyyələrə, bir qismi isə icra hakimiyyətlərinin ərazi nümayəndəliklərinə həvalə olunur. Milli Məclisin bir sıra deputatı bununla bağlı hökumətə müraciət edərək, yeni ildən qanunvericiliyə əsasən Mənzil Istismar Sahələrinin(MIS) ləğv olunmasını istəyəcəklər. Hazırda ölkədə 200-ə yaxın MIS var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir.

Məsələ burasındadır ki, “JEK”lər uzun müddət hakimiyyətin qanunsuz əməllərinə vasitəçi olublar. Bəli, bütün seçkilərdə “JEK” şçiləri “karusel” əməliyyatında iştirak ediblər, seçki saxtakarlığında iradə və əzm nümayiş etdiriblər. Indi hakimiyyət “JEK”ləri ləğv etməklə 1000-lərlə işçini “mükafatlandırır”. Nə qədər ki, ölkəyə pul axını güclü idi, hakimiyyət bu strukturlardan istifadə edirdi, saxtakrlıq edənlərə cüzi vəsait verirdi və s. Amma böhran yaranan kimi ilk olaraq “JEK”ləri qurban vermək qərarına gəldilər. Bəlkə də “JEK” işçiləri bu seçki saxtakarlığında rol alanda “toxunulmaz” olacaqlarını düşünürdülər. Amma bilməliydilər ki, bu hakimiyyət öz məqsədinə çatana qədər adama “dost” deyir və ilk büdrəmədə cinayət ortaqlarını zərərsizləşdirir.

Beləliklə, hökumət uzun müddətdən sonra “karusel”çilərinə “təşəkkür” etdi. Əslində bu məsələnin özündə də böyük bir ibrət dərsi var. Pis əməllərə görə mütləq cavab verməli olursan. Heç olmasa bundan sonra “karusel”dən uzaq durun, layiqli namizədə səs verməyə çalışın.

Fədakar “JEK” işçilərinin diqqətinə çatdırmaq istəyirik ki, qarşıdan parlament seçkiləri gəlir və sizin “əməyinizə” yenə də ehtiyac duyulacaq. Bu dəfə “karusel”ə razılıq versəz, elə edin ki, saxtakarlıq şəffaf şəkildə görünsün. Siz də öz növbənizdə hökumətə “təşəkkür” bildirin.

Qısası, ilk növbədə Mənzil Istismar Sahələrinin “əməyi” istismar olundu. Hamı bilməlidir ki, ədalətsiz, korrupsiyalaşmış ölkədə heç kimin həyatı sığortalanmayıb və hamının başına “daş” düşməsi ehtimalı var.

Ilham