«Ailə hakimiyyəti tərəfindən idarə edilən, ən çox korrupsiyalaşmış ölkələrdən birinə niyə hələ də etimad göstərilir?»
«Son illərdə Xədicə İsmayılovanın Əliyevi pis vəziyyətə salan bir neçə məqaləsi olub»
Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmün çıxarılmasından bir həftə vaxt keçsə də, bu məsələyə beynəlxalq diqqət azalmır. Bu hökm fonunda Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyəti, repressiyalar barədə məqalələr demək olar ki, hər gün dünyanın ən nüfuzlu media orqanlarında yayımlanır. Hətta Italiya mediası da bu məsələyə geniş yer ayırıb. Italiyanın “Espresso” qəzeti sözügedən məqaləni “Azərbaycanda prezident Əliyev üçün arzuolunmaz jurnalist Xədicə Ismayılovaya hökm oxundu” başlığıyla yayımlayıb. Məqalənin tərcüməsini təqdim edirik:
***
Jurnalist 7 il 6 ay azadlıqdan məhrum edildi. Bu hadisə az əvvəl Avropa Oyunlarına ev sahibliyi etmiş, Italiyanın neft-qaz sahəsində əməkdaşlığı gücləndirdiyi bir ölkədə – Azərbaycanda baş verir. Sözügedən qərarı sentyabrın 1-də paytaxt Bakıda, ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun əməkdaşı, 39 yaşlı Xədicə Ismayılova barəsində çıxarıldı. Jurnalist vergidən yayınma, mənimsəmə, vəzifədən sui-istifadə və qanunsuz sahibkarlıqda təqsirli bilinib. Lakin o, eləcə də hüquq-müdafiə təşkilatları ittihamları rədd edərək, jurnalistin Azərbaycan prezidenti Ilham Əliyevin ailə biznesi barədə yazılarına görə cəzalandırıldığını bildirir.
Ötən il Azərbaycanda siyasi motivlərlə onlarla həbslər həyata keçirilib ki, Xədicə Ismayılovanın həbsi də onlardan biridir. Onun həbsinə media tərəfindən də kifayət qədər böyük diqqət var.
Son illərdə Ismayılovanın Əliyevi pis vəziyyətə salan bir neçə məqaləsi olub. O, 2012-ci ildə dərc etdirdiyi araşdırmasında göstərirdi ki, Azərbaycanda hökumət ölkənin qərb hissəsində yerləşən qızıl yataqlarının işlənməsini prezidentin ailə üzvlərinə məxsus olan, Panama və Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlərə həvalə edib. Ötən ilin iyulunda yayımlanan son araşdırma yazısında isə Ismayılova prezident ailəsinin ofşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə Azərbaycanın mobil rabitə bazarının 80 faizinə nəzarət etdiyini göstərmişdi. Bundan beş ay sonra – dekabrda jurnalist həbs olundu, onun işlədiyi “Azadlıq” radiosunun Bakı bürosunun ofisində isə axtarış aparıldı.
Xədicə Ismayılovanın işi üzrə məhkəmə prosesi avqustun 7-də başlanıb. Bir çox şahidlərin sözlərinə görə, çoxsaylı media nümayəndələri, jurnalisti dəstəkləyənlər, beynəlxalq müşahidəçilər məhkəmə iclaslarına buraxılmayıb. Yalnız müxtəlif ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri məhkəmə prosesini izləyə bilib.
“Mən həbsxanada ola bilərəm, amma əsas odur ki, iş davam edəcək”, – deyə Ismayılova məhkəmədə bildirib.
Çoxsaylı beynəlxalq mükafatlara layiq görülən jurnalist məhkəmədəki çıxışında araşdırma yazılarının nəticəsindən də danışıb: “Ölkənin sərvətləri prezident ailəsi tərəfindən mənimsənilərək, ofşor ölkələrdə gizlədilib, bu yolla da dövlət vəzifəsindən sui-istifadə olunub; ofşor zonalar vasitəsilə vergidən yayındırılıb”.
Məhkəmə isə Ismayılovaya qarşı ittihamları təsdiqlədi. Yalnız bir ittiham üzrə ona bəraət verildi – Ismayılovanın keçmiş həmkarı Tural Mustafayevi intihar cəhdinə vadar etməsi barədə. Mustafayev özü də məhkəmədə ifadəsində bu ittihamdan imtina etdi. Bildirdi ki, Xədicəyə qarşı ifadə verməsi üçün təzyiqlərə məruz qalıb.
Ismayılova qeyd etdi ki, digər ittihamlar üzrə dindirilən şəxslərə də təzyiq göstərilib. Onlar ifadələri oxumadan imza atmağa məcbur edilib.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə Ismayılovanı “vicdan məhbusu” elan edib.
“Bu, Azərbaycanda saxta ittihamlar üzrə keçirilən daha bir ədalətsiz məhkəmə prosesi idi”, – deyə dünyada insan haqlarının müdafiəsi uğrunda mübarizə aparan nüfuzlu təşkilatlardan biri olan “Amnesty International”ın təmsilçisi Denis Krivoşeyev bildirib.
Amma belə görünür ki, Ismayılovanın, eləcə də Azərbaycanda ötən il həbs olunmuş onlarla digər fəalın başına gələnlər bu ölkə ilə Avropa Ittifaqı arasında münasibətləri sındırmayıb.
Köhnə Qitədə (Avropada) futbol idarəetmə qurumu olan UEFA-nın, Parisdə yerləşən FIA Avtomobil Federasiyasının qərarları belə deməyə əsas verir. Federasiya 2016-cı ildə Formula-1 Qran-pri yarışlarının Əliyevin idarə etdiyi ölkəninin paytaxtında keçirilməsinə qərar verib. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının dörd oyununa Azərbaycan “ev sahibliyi” edəcək. Qrup mərhələsinin üç oyunu, həmçinin çempionatın dörddə bir mərhələsinin bir oyunu Xəzərin sahilində yerləşən şəhərdə, “Bavariya”nın doğma meydanı olan “Allianz Arena” modelində tikilmiş yeni stadionda keçiriləcək. Bu ilin iyun ayında birinci Avropa Oyunlarının açılış mərasimi də bu stadionda baş tutmuşdu.
Ailə hakimiyyəti tərəfindən idarə edilən, dünyanın ən çox korrupsiyalaşmış dövlətlərindən biri olan və bütün bu hadisələrin baş verdiyi ölkəyə niyə hələ də etimad göstərilir? Səbəb budur: tezliklə Azərbaycan qazı Avropaya axacaq və bununla da Avropanın Rusiyadan qaz asılılığı azalacaq. Bu qaz Italiya sahillərinə qədər gedib çıxacaq.