Sahibkar həbsləri niyə fayda vermədi?

hebsHakimiyyətin «çıxış yolu» problemləri həll etməkdə acizdi

Hər dəfə açıqlanan rəqəmlər, statistik məlumatlar ölkədəki sosial-iqtisadi vəziyyətin nə qədər ağır olduğunu üzə çıxarır. Artıq real vəziyyəti gizlətmək mümkün deyil və tkəcə 2.6 milyon vətəndaşın kredit borcu ödəməsi aydın təsəvvür yaradır. Üstəlik, problemli kreditlərin həcmi də artır.

Problemli mikrokredirlərin həcmi 60 milyona yaxındır. Faktiki olaraq əhalinin ödəmə qabiliyyəti sürətlə aşağı düşüb. Bugünlərdə Mərkəzi Bank açıqlama yayıb və problemli kreditlərdə azalma olduğu bildirilib. Belə ki, 31 iyul 2015-ci il tarixinə banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 294,8 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə iyul ayında ödəmə vaxtı keçmiş kreditlər 43,9 milyon manat və ya 3.3% azalıb. Belə ki, iyun ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 mlyard 338,7 milyon manat idi.

Qeyd edək ki, fevral devalvasiyasından sonra hökumət “pul ovuna” çıxıb və iş adamlarının həbs dalğası başlayıb. 70 -dən artıq iş adamının “Bandotdel”ə salınması, 7400 sahibkarın ölkədən çıxışına qadağa qoyulması da pul yığımının tərkib hissəsidir. Amma bu qədər böyük “əməliyyat”ın da nəticəsi olmadı. Belə çıxır ki, bu canfəşanlığın nəticəsi 43 milyondan ibarət olub. Məsələ burasındadır ki, kiçik və orta sahibkarlar elə vəziyyətə salınıb ki, bu adamlar ödəmə qabiliyyətini itiriblər. Hökumət böhrandan çıxış yolu kimi sahibkarlara əlavə “haqq” tətbiq etməyə, yüksək məbləğdə vergi cərimələri yazmağa başlayıb. Bunun nəticəsi kimi də 100-lərlə obyekt bağlanılıb, kiçik dükanların pəncərəsinə “arendaya verilir” elanı yazılıb.

Hakimiyyət başa düşməlidir ki, yaranmış vəziyyəti belə mafioz qaydalarla, vətəndaşı sıxmaqla xilas etmək mümkün deyil.

Problemi həll etmək üçün ölkədən oğurlanan milyardlar ortaya qoyulmalı, mənasız layihələrdən imtina edilməlidi.

Ölkədə süni qiymət artımı “at oynadanda”, bütün sahələrdə monopoliya hökm sürəndə, məmurlara məxsus banklar 20-30 faizlə kredit verəndə və sadə vətəndaş 200-300 manatın girovluğunda yaşayanda, vəziyyət belə də olmalı idi.

Aparılan yarıtmaz siyasət iş adamlarının ölkədən qaçmasına, pullu şəxslərin hər hansı sahəyə yatırmı etməməsinə, kütləvi ixtisarlara şərait yaradır.

Dövlət bazar təfəkkürü ilə idarə olunanda, nəticə belə olur. Bu qədər tuthatutdan, bu qədər qeyri-rəsmi ödənişlərin tətbiqindən sonra, boşluğu doldurmaq mümkün olmadı. Hakimiyyət ciddi dərs çıxarmalıdı və cəmiyyəti fəlakətə sürükləməkdən imtina etməlidir. Insanları sıxmaqla problemli kreditlərin pdənişi təmin olunmur, əksinə kütləvi intiharlar baş verir, insanlar aqressivləşir.

Bir sözlə, bu gün yaranmış vəziyyət hakimiyyətin korrupsioner mahiyyətindən doğan reallıqdı. 20 ildən artıq müddət ərzində real sektorun inkişafına diqqət yetirilmədi, bir qrup şəxs xalqın haqqını mənimsədi və bugün yaranmış vəziyyəti xilas etmək üçün məmurlar öz ciblərindən xərcləmək istəmir.

Birdə ki, problemlərin gündən-günə artdığı ölkədə, problemli kreditlərin həcmi niyə azalmalıdı?

Samir