new-york-times-logo

“Nyu-York Tayms” repressiyalara qarşı sərt addımlara çağırır

new-york-times-logoAzərbaycanda geniş miqyas alan repressiyalara dünyanın müxtəlif ölkələrindən sərt reaksiyalar gəlir. Beynəlxalq təşkilatlar, nüfuzlu nəşrlər repressiyanı dövlət siyasətinə çevirən Azərbaycan hakimiyyətinə qarşı sərt tədbirlər görülməsini tələb edir. ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” qəzeti də “Jurnalistlər atəş altında” adlı redaksiya məqaləsində dünyanın müxtəlif ölkələrində jurnalistlərə qarşı repressiyalardan yazır. Qəzet məqalədə diqqəti daha çox Azərbaycana yönəldir. Məqalədə deyilir:

“Bir neçə gün bundan əvvəl Misir məhkəməsi ”Əl-Cəzirə” telekanalının üç jurnalisti haqqında hökm çıxarıb. Onlar məhz jurnalist fəaliyyətinə görə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ötən həftə daha bir pis xəbər Azərbaycandan gəldi. Tanınmış araşdırmaçı jurnalist, müxtəlif mükafatlara layiq görülmüş Xədicə Ismayıl 7 il yarım müddətinə azadlıqdan mərhum edilib. Ona hətta son sözünü axıra kimi deməyə imkan verilməyib.

Türkiyədə lap bu yaxınlarda Islam Dövlətinə kömək etməkdə ittiham olunaraq VISE NEWS-in üç jurnalisti tutulub. Daha sonra Türkiyə polisi başqa mətbuat orqanının ofisində reyd keçirib.

Bəzi ölkələrdəki hökumətlər jurnalistləri susdurmaq üçün ən müxtəlif üsullara əl atırlar.

Misir məhkəməsinin cəzalandırdığı jurnalistlər əslində Qətər əmirliyi ilə Misir arasındakı konfliktin qurbanlarıdır. ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı dərin məyusluğunu bildirib. Jurnalistlərin Misirdə bu şəkildə cəzalandırılması Obama Administrasiyası üçün gözlənilməz olmayıb.

Azərbaycanlı jurnalist Xədicə Ismayıl ötən ilin dekabrında həbs olunub. O, “Azadlıq” radiosunda populyar verilişlərdən birinin aparıcısı kimi tanınmışdı. Ona qarşı keçmiş iş yoldaşını intihar həddinə çatdırmaq kimi absurd ittiham irəli sürdülər. Xədicə Ismayıl Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini araşdıran jurnalist kimi tanınırdı. Xədicə Ismayıla məhkəmədə axıra qədər çıxış etməyə imkan verilsəydi, prosesdə hakimlik edən Ramella Allahverdiyeva onun dilindən bu sözləri eşidə bilərdi: “mən sizə hökmü çıxarıb gedəndən sonra yaxşı istirahət arzulayıram, arzu edirəm, elə bir gün gəlsin ki, susdurulmuş vicdan daşıyıcısı olmayasınız”.

VISE-nin üç jurnalistindən ikisi – britaniyalılar azad edilsə də, iraqlı jurnalist Məhəmməd Ismayıl Rəsul isə hələ də həbsdədir. Elə həmin günlərdə Türkiyə hakimiyyətinin təmsilçiləri Koza Ipək Holdinqə aid mətbuat orqanlarının ofislərində reydlər keçiriblər. Reydlərə məruz qalmış mətbuat orqanlarının nümayəndələri baş vermiş bu hadisəni ölkədə noyabrın 1-də keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin susdurulması üçün açıq təzyiq kimi qiymətləndiriblər.

Müxtəlif ölkələrdə jurnalistlərə qarşı aparılan həbslər dalğası beynəlxalq ictimaiyyətin çox sərt cavabını tələb edir. Interpol jurnalistlərin qanunsuz hökm və həbsləri ilə bağlı qərar vermiş şəxslərin cəzalandırılması üçün tədbirlər həyata keçirməlidir. Bu tipli addımlar təqib olunan jurnalistlərə kömək ola bilər. Dünya liderləri “ciddi narahatçılıq” kimi az əhəmiyyət kəsb edən bəyanatlar verməkdənsə, jurnalistlərə təzyiqlərlə bağlı daha ciddi addımlar atmalıdırlar”.