Novruz Məmmədovun etiraf proqnozu

novruz_memmedov

Hakimiyyət saxtakarlığı öncədən ört-basdır etmək istəyir

Qarşıdan parlament seçkiləri gəlir. Hakimiyyət yenə də “ənənəvi” seçkiyə hazırlaşır. Parlament seçkilərinin hər bir ölkənin taleyində mühüm hadisə olmasına baxmayaraq, Azərbaycanda qətiyyən seçki ab-havası yoxdur. Ümumiyyətlə ölkə vətəndaşları seçkilərin dəfn edildiyini, seçki ilə heç nəyin dəyişmədiyini, bütün seçkilərin saxtalaşdırıldığını dəqiq bilir. Ona görə də seçki günü səsvermə məntəqələrinə çox az adam gedir. Real müxalifət qüvvələri seçkiləri boykot edəndə, vəziyyət daha da kritikləşir.

Təbii ki, Azərbyacanda seçkilərin necə keçirildiyi beynəlxalq aləmə də bəllidir. 2013-cü ilin prezident seçkilərində ATƏT-in müşahidə missiyası 58 faiz saxtakarlıq qeydə alımışdı. Ötən 2 il müddətində ölkədə mətbuat azadlığı, ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı daha da pisləşib, müxalifətə qarşı basqılar artıb, siyasi məhbusların sırası genişlənib və hakimiyyət demokratik dünya ilə münasibətləri tamam korlayıb. Bu münasibətlərə isə YAP hakimiyyətinin demokratik öhdəliklərə əməl etməməsi, anti-demokratik idarəetməni davam etdirməsi olub.

Belə bir şəraitdə YAP hakimiyyəti istəyir ki, Beynəlxalq təşkilatlar Azərbaycandakı parlament seçkilərinə müsbət rəy versinlər. Yəni, “biz saxtalaşdıraq, siz şəffaf kimi qəbul edin” arzusundadılar. Amma YAP hakimiyyəti başa düşür ki, artıq vəziyyət dəyişib və dünyanın münasibəti mənfidir.

Buna görə də PA rəsmisi Novruz Məmmədov “tvitter” səhifəsində yazıb: “Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa Ittifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır”.

Göründüyü kimi Novruz Məmmədov beynəlxalq təşkilatların seçkiyə mənfi rəy verəcəyindən əmindir. Heç bunun üçün “dost-tanışın” məlumatına ehtiyac da yoxdur.

Azərbaycan hakimiyyəti 50-yə yaxın potensial namizədi şərləyərək həbsə atıb, Avropa oyunları zamanı 6000 idmançını qəbul etdiyi halda, ATƏT-in 380 müşahidəçisini ölkəyə buraxmaq istəmir, ATƏT-in bakı ofisini möhürləyib, müstəqil jurnalistləri, hüquq müdafiəçilərini cəmiyyətdən təcrid edib, seçki müşahidəçiliyi ilə məşğul olan QHT-ləri ləğv edib, ölkə başçısı müşavirədə bütün beynəlxalq qətnamələrin kağız parçası olduğunu söyləyir, real müxalifətə heç bir təbliğat imkanı tanınmır və.s

Belə bir şəraitdə Avropa Ittifaqının rəyi əlbəttə ki, mənfi olmalıdır. Dəhşət burasındadır ki, hakimiyyət dünyada mənfi rəyin formalaşdığını bildiyi halda da normal addımlar atmır. Nə haqsız yerə həbs olunmuş adamlar azadlığa buraxılır, nə seçki məcəlləsinə dəyişiklik edilir, nə də müxalifətə normal imkanlar yaradılacağı vədi verilir. Əksinə, daxildə və xaricdə o qənaət yaranıb ki, hakimiyyət daha kobud şəkildə seçki saxtakarlığı edəcək. Yeganə alternativ olan Milli Şuraya qarşı hakimiyyətin düşmən münasibəti, AXCP-yə qarşı hazırlanan çirkin kampaniyalar onu göstərir ki, hakimiyyət heç bir demokratik açılım etməyəcək və demokratik dünya da bunu görür.

Yaxşı olar ki, Novruz Məmmədov Avropa Ittifaqının mövqeyini proqnozlaşdırmaqdansa, təmsil olunduğu hakimiyyətin dövləti necə biabır etdiyini düşünsün. Əslində ciddi məsələlərə belə ironik statuslar yazmaq hakimiyyətin gülünc vəziyyətə düşməsinin göstəricisidir. Öz aləmlərində beynəlxalq təşkilatların münasibətinə qarşı sipər hazırlayırlar. Sabah seçki mənfi qiymətləndiriləndə “biz demişdik ki, qərəzli mövqe olacaq” söyləyə bilsinlər.

Amma bu “arqument” doğulmamaış ölüb. Çünki, hakimiyyət seçkini saxtalaşdıracağını daxilə və xaricə verdiyi mesajda təsdiqləyib.

Akif