Azərbaycan əhalisi borc bataqlığında

kredit borcu

Ölkədə 2,5 milyon nəfərin kredit borcu var

Məhəmməd Talıblı: «Ölkədə hər 3-4 nəfərdən birinin banklardan kredit götürməsi pis göstəricidir»

Azərbaycanda 2 milyon 472 min 302 nəfər kredit götürüb. Bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il, avqustun 1-nə olan bülletenində məlumat verilir. Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi – 2 milyon 438 min 268 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək, istehlakçılardır.

Bundan əlavə, 11083 hüquqi şəxslər, 22 min 951 nəfəri isə sahibkarlıq subyektidir. Zamin şəxslərin sayı isə son bir ayda 15 min 823 nəfər artaraq 1 milyon 157 min 351 nəfərə çatıb.

Bülletendə o da qeyd olunub ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə 2 milyon 414 min 122 nəfər, iyunun 1-nə isə 2 milyon 434 min 759 nəfər olub(Marja).

Açıqlanan statistik rəqəm ölkə üzrə dəətli situasiyanı ortaya qoyur. Rəqəmlərdən məlum olur ki, ölkədəki hər bir ailənin banka kredit borcu var. Digər tərəfdən, rəqəmin çox iri olması bu tendensiyanın orta təbəqəni də əhatə etdiyini deməyə əsas verir.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, manatın ikinci devalvasiyası banka kredit borcu olanları daha da gərgin duruma sala bilər. Çünki banka kredit borcu olanların 75 faizi ödənişi dollarda aparır. Bu isə o deməkdir ki, ikinci devalvasiya fevralın 21-dəki devalvasiya qərarından sonra banklara əlavə ödəniş etməli olan kəsimin durumunu bir qədər də ağırlaşdıracaq.

mehemmed_yeni

 

İqtisadçı Məhəmməd Talıblının fikrincə, tendensiya göstərir ki, bu gedişlə ildə 300-500 min insan kredit götürmək ehtiyacı ilə qarşılaşır. Bu insanlar isə başqa gəlir mənbələrindən məhrum olması fonunda belə bir seçim şərti ilə üz-üzə qalırlar: “Böyük şirkətlərdə kütləvi ixtisarlar və kiçik müəssisələrin bağlanması işsizlərin sayını artırmaqla yoxsulluğun nisbətən daha açıq formada təzahür olunmasını meydana çıxarır. Gəlir yerlərini itirən vətəndaşlar daha fərqli maliyyə mənbələrinə baş vururlar. Bu borclanmaya girməklə problemləri ertələmək yoludur. Bu isə çıxılmazlıqdan irəli gəlir. Bu vətəndaşların probleminə çevrilmir. Bu, eyni zamanda yaxın dövrdə problemli kreditlərin artmasına, cinayətlərin sayının yüksəlməsinə, daşınan və daşınmaz əmlakın qiymətinin düşməsinə gətirib çıxaracaq. Müəssisələr arasında qarşılıqlı borcların artması və kreditlər üçün xroniki gecikmələrə səbəb olacaq”.

M.Talıblının sözlərinə görə, ölkədə hər 3-4 nəfərdən birinin banklardan kredit götürməsi pis göstəricidir: “Bu ölkədə rifah səviyyəsi və sosial-iqtisadi durum haqqqında düşünmək üçün ciddi əsaslar verir. Hər ailənin az qala kredit xəstəliyi ilə əhatə olunduğunu əyani sürətdə göstərir. Digər tərəfdən, mən bunu da son hesab etmirəm. ”Lombard”, nağd borclar və qeydə alınmayan borc öhdəliklərini üzərinə gəlsək, ağır bir sosial durumu olan cəmiyyəti göz önünə gətirə bilərik. Vəziyyət bu dərəcədə kritik mərhələyə daxil olur”.

Xəyal