Avstraliyadakı səfirliyimizin keçmiş əməkdaşının siyasi sığınacaq üçün həmin ölkəyə müraciət etdiyi bildirilir
Anar Həsənov isə səfirlikdəki korrupsiya barədə Azərbaycan hökumətinə xəbər verdiyi üçün cəzalandırıldığını deyir
Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov bu ilin iyulunda ölkəyə qayıtmalı olduğu halda, Azərbaycana hələ də gəlməyib. “Virtualaz.org” özəl mənbələrə istinadən məlumat yayıb ki, Anar Həsənov Avstraliyadan siyasi sığınacaq istəyib.
Azərbaycanın Avstraliyadakı səfirliyindən bildiriblər ki, Anar Həsənovun harada olması onlara məlum deyil. Amma səfirliyin əməkdaşı Araz Xasıyev Anar Həsənovun siyasi sığınacaq verilməsi xahişilə Avstraliya hökumətinə müraciət etdiyini təsdiqləyib. Keçmiş diplomatın onunla birgə Kanberrada olan həyat yoldaşının da siyasi sığınacaq üçün müraciət etdiyi bildirilir.
Lakin Anar Həsənov “Azadlıq” radiosuna açıqlamasında onun siyasi sığınacaq üçün yerli hökumətə müraciət etməsi barədə xəbərlərin doğru olmadığını deyib. Qeyd edib ki, o, Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya faktları barədə bu il iyulun 7-də Bakıda dövlət orqanlarına məlumat göndərib: “Prezident Administrasiyasından və Ombudsmandan cavab gəldi ki, qeyd etdiyim faktlar araşdırılacaq. Amma araşdırılmaq əvəzinə, Xarici işlər nazirinin əmri ilə xidmətdən geri çağrıldım. Xanımım hamilə olduğu və tayyarədə uçmasına həkimlər icazə vermədiyi üçün Bakıya dönə bilməmişik. Ona görə bu bahalı ölkədə yalnız yerli qeyri-hökumət təşkilatlarının yardımlarının ümidinə yaşaya bilirik.
Iftiranı o dərəcəyə çatdırıblar ki, guya, mən ölkənin siyasi rəhbərliyini ittiham etmişəm. Əslində isə mən cənab prezidenti dəstəkləyirəm, onun ictimaiyyəti korrupsiya ilə mübarizəyə, dövlət orqanlarını məlumatlandırmağa səsləyən çağırışına əməl etmiş, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasıyevin əlbir olaraq dövlət büdcəsini mənimsəmələrilə bağlı faktları üzə çıxartmışam”.
Səfirlikdə korrupsiya barədə ittihamlara gəlincə, keçmiş diplomat bunları deyib: “Səfir və mühasib əlbir olaraq əslində, olmayan katibə üçün maaş yazıblar. Ona ayda 2700 ABŞ dolları məbləğində əməkhaqqı yazıblar. Bundan başqa, mühasib diplomatik üstünlükdən, imtiyazlardan istifadə edərək, içki və siqaret biznesinə girişib. Daha sonra guya yerli qəzetlərə elanlar çapı üçün pullar ödənilib”.
Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bu məsələ ilə əlaqədar açıqlamasında bildirib ki, Anar Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq fəaliyyəti müddətində “Diplomatik xidmət haqqında” qanunun, “Xarici Işlər Nazirliyi haqqında” Əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna, ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağrılıb.
Mətbuat katibi deyib ki, Anar Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KIV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir: “Xarici Işlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür”.
Anar Həsənov isə qeyd edir ki, Xarici Işlər Nazirliyi əslində, onun səsləndirdiyi faktları araşdırmaq əvəzinə onu cəzalandırır.
Xatırladaq ki, bu iki məsələ arasında bağlılıq olmasa da, bir müddət əvvəl Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki nümayəndəsi Arif Məmmədov da istefa verərək, hökuməti ittiham etmişdi.
Yeri gəlmişkən, Arif Məmmədov da Anar Həsənovla bağlı məsələyə münasibət bildirib. O, bu haqda fikirlərini “facebook” səhifəsində paylaşıb:
“Mənə yaxın olan XIN-in diplomatlarına qarşı repressiyalar davam etdirilməkdədir. Onları Bakıya çağıraraq, mənə qarşı yalanlar yazmağa məcbur edirlər. Yazmaqdan imtina edənləri işdən qovurlar və yenidən ölkəni tərk etməyə imkan vermirlər. Anarı mən çox savadlı və ölkəsini dərindən sevən vətənpərvər Azərbaycan oğlu kimi tanıyıram. Hakimiyyət ölkənin ən savadlı diplomatlarına qarşı repressiyaları dayandırmasa, bir azdan xaricdə kölgədə olan XIN yaradacağıq. Problemlərlə üzləşən bütün diplomatlarımızı mənimlə əlaqə saxlamağa çağırıram”.