“Aİ-92 44, dizel 37 qəpiyə satılmalıdır” – ekspert rəyi

samir-eliyev-iqtisadci«Tarif Şurasının açıqlaması özünü təkzib etməklə yanaşı ciddi arqument sayıla bilmə

Samir Əliyev: «Aksiz vergisi azaldılsa da, pərakəndə satış qiymətləri dəyişməyibsə, deməli, əldə edilmiş vəsait SOCAR-a çatır»

Dünya bazarında neftin qiymətinin dəyişməsi qara qızıldan hazırlanan məhsulların qiymətinə də təsir edib. Nəticədə bir sıra ölkələr benzinin və digər neft məhsullarının qiymətinə dəyişiklik edib. Amma Azərbaycan bu baxımdan istisnadır. Neftin qiymətinin təxminən 3 dəfə aşağı düşməsinə baxmayaraq ölkəmizdə yanacağın qiyməti dəyişməz qalıb. Hakimiyyət yanacağın qiymətinin dəyişməməsini maraqlı şəkildə arqumentləşdirir. Bəzən bu izahat əndazəni belə aşır. ARDNŞ prezidenti Rövnəq Abdullayevin açıqlaması da bu qəbildəndir.

R.Abdullayev bildiridib ki, bir neçə il bundan qabaq 150 min ton AI-95 benzin satılırdısa indi bu göstərici 20-25 minə düşüb. R.Abdullayevin sözlərinə görə, hökumət vaxtı ilə benzini lazımı dərəcədə bahalaşdırmayıb, ona görə indi də qiymətin dəyişməməsinə normal yanaşmaq lazımdır:ÿ”Neft dünya bazarında 120 dollar olanda da qiymət bizdə belə idi, 50 dollar olanda da. Niyə 120 dollar olanda benzinin qiymətindən danışmırdılar? Bizdə benzinin qiyməti neftin 60 dollar olandakı qiymətinə bərabərdir, nə qalxıb, nə də ki, enib. Bizdə benzinin qiyməti dünya bazarı ilə tənzimlənmir, dövlət tənzimləyir. Endirmək mümkün deyil, çünki iqtisadiyyatımız sabitdir.

Benzinin qiyməti sırf iqtisadiyyatımıza hesablanıb. AI-95 benzinin qiyməti stabildir, indi əksəriyyət insan 92 benzindən istifadə edir. Ölkəyə gətirilən 95-98 benzin 6-7 il bundan əvvəl gətirilib və hələ də istifadə olunur. Bu növ benzinlər hər gün gətirilib satılmır. Bir neçə il bundan qabaq 150 min ton AI-95 benzin satılırdısa, indi bu göstərici 20-25 minə düşüb”.

Benzinin ucuzlaşması hansı üstünlüklər verir?”

Hökumətin benzinin qiymətini dəyişdirməməklə mövqeyinin heç bir tənqidə dözmədiyi qəzetimizdə dərc olunan məqalələrdə sübuta yetirilib. Hazırda təqdim etdiymiz araşdırma da bütün göstəricilər üzrə hakimiyyətin benzinin qiymətini əslində dəyişdirməli olduğunu göstərir.

Ekspertlərin fikrincə, benzinin qiymətinin ucuzlaşdırılması həm sahibkarlığın, həm də ixracın stimullaşdırılmasında çox vacib məsələdir. Çünki neftin qiymətinin ucuzlaşması nəticəsində bir sıra ölkələrdə benzinin, eyni zamanda istehsalatda əmtəələrin maya dəyərinin aşağı düşməsi müşahidə edilir (“Bizim Yol”). Deməli, ölkəmizə idxal olunan məhsulların maya və daşınma xərcləri azalıb. Belə olan halda Azərbaycandakı cüzi istehsalat həmin ölkələrin məhsulları ilə rəqabət apara bilməyəcək. Amma Azərbaycan hökuməti və dövlət maraqlarını əsas tutan iş adamları yanacağın qiymətini endirməməkdə israrlıdırlar.

Qeyd edək ki, Azərbaycanda AI-80 və AI-92 markalı benzinin qiyməti 70 qəpiyə (0.66 dollar), AI-95 markalı benzin 95 qəpiyə (0.90 dollara), dizel yanacağı 60 qəpiyə (0.57 dollara) təklif olunur. Qlobal Petrol Prices-in məlumatına görə, hazırda Azərbaycanda ölkə üzrə benzinin orta qiyməti 0.75 dollar hesab edilir. 

Neft ucuzlaşandan sonra dünyada benzinin qiyməti kəskin ucuzlaşıb”

Dünya ölkələrinə gəlincə, son bir ildə kəskin ucuzlaşma baş verib. Yanacağın qiymətinə görə ölkələr üzrə ən son -2 sentyabr üçün tariflər aşağıdakı kimidir. Neft ölkələri və büdcəsi “qara qızıl”dan kifayət qədər asılı olan dövlətlərdə və qeyri-neft ölkələrində benzinin orta qiyməti (bu ölkələrin əksəriyyətində yanacağın qiyməti bölgələrə, ərazilərə görə dəyişir);

Venesuelaÿ 0.02, Liviyaÿ 0.14, Səudiyyə Ərəbistanı 0.16, Küveytÿ 0.21, Qətər ÿ0.26, Bəhreyn, 0.38, Türkmənistan 0.28, Omanÿ 0.30, Iranÿ 0.33, Nigeriya ÿ0.43, Suriyaÿ 0.45, Rusiyaÿ 0.57, Yəmənÿ 0.68, Qazaxıstan 0.72, Əfqanıstan 0.72, Qırğızıstan ÿ0.72, Belarusiya 0.76, Tunisÿ 0.80, Ukrayna 0.89, Braziliya 0.91, Gürcüstan 0.92, Çin 0.99, Ermənistan 1.04, Rumıniya 1.31, Avstriyaÿ1.32, Türkiyəÿ1.51, Fransaÿ1.52, Almaniyaÿ1.52, Isveçÿ1.53, Irlandiyaÿ1.56, Israilÿ 1.60, Yunanıstan 1.63, Italiyaÿ1.70, Danimarkaÿ 1.70, Norveçÿ1.77 və sair.

Tarif Şurasına tutarlı cavab”

Qlobal Petrol Prices” qeyd edir ki, yanacağın qiyməti ilin əvvəli ilə müqayisədə neft hasilat edən ölkələrin əksəriyyətində 0.5-10 faiz civarında bahalaşıb. Amma bəzilərində ucuzlaşıb. Məsələn, ABŞ-da benzinin orta qiyməti ilin əvvəlində 0.79 dollar olubsa, hazırda 0.70 dollara qədər düşüb. Norveçdə isə son 9 ayda benzinin orta qiyməti 2.08 avrodan 1.5 avroya qədər ucuzlaşıb.

Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas görmür. Şuradan “Trend”ə verilən məlumata görə, bu, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən AI-92 markalı yanacaq olmasından irəli gəlir.

Şuradan bildiriblər ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, AI-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməyib.

Realda qiymət necə olmalıdır?”

Iqtisadçı-ekspert Samir Əliyev mövzu ilə bağlı facebook səhifəsində fikirlərini paylaşıb. Onun qənaətincə, Tarif Şurasının açıqlaması özünü təkzib etməklə yanaşı ciddi arqument sayıla bilməz: “Çünki Şura 2013-cü il 3 dekabr ayında benzinin pərakəndə satışı qiymətinin artımını məhz bununla əsaslandırmışdı. Həmin dövrdə Şuranın katibi Ilkin Məcidov açıqlamasında qeyd etmişdi ki, son dəfə (6 yanvar 2007-ci il) yanacağın qiyməti müəyyənləşdiriləndə xam neftin dünya bazarlarında qiyməti 1 barel üçün 57 ABŞ dolları idi, indisə artaraq 110 ABŞ dollarına çatıb. Hazırda neftin bir bareli 50 dollar civarındadır ki, bu da hətta 2007-ci il qiymətindən də ucuzdur. 2007-ci ildə AI-95 benzini 60 qəpik, AI-92 və AI-80 55 qəpik, dizel yanacağı isə 45 qəpik olub. Bu gün daha ucuz neft qiymətləri şəraitində AI-92 və AI-80 markalı benzinlər 70 qəpik, dizel yanacağı isə 60 qəpikdir. Belə çıxır ki, neftin dünya bazar qiyməti ancaq bahalaşma üçün əsas sayılır”.

S.Əliyev qeyd edir ki, 2013-cü ilin dekabrında Nazirlər Kabineti 333 saylı qərarı ilə neft məhsullarının, o cümlədən benzinin və dizelin qüvvədə olan aksiz dərəcələrini artırdı. Vergi dərəcəsinin artırılmasının ardınca Tarif Şurası 14 saylı qərar qəbul etdi və dekabrın 3-dən etibarən yanacağı bahalaşdırdı. Deməli, bahalaşmağa səbəb vergi artımı olub. Ancaq üstündən 2 ay keçəndən sonra Nazirlər Kabineti 6 fevral 2014-cü il qərarı qəbul edərək özünün 2 dekabr 2013-cü il qərarına dəyişiklik etdi. Dəyişiklik əsasında bir sıra neft məhsullarına, o cümlədən yanacağa tətbiq edilən aksiz vergiləri əhəmiyyətli dərəcədə azaldı. Dəyişikliyə görə, AI-95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159 faizdən 64 faizə endirildi. Azalma digər yanacaq növlərinə də şamil edildi. AI-92 benzinində vergi 134 faizdən 65 faizə, AI-80-də 134 faizdən 66 faizə endirildi. Dizel yanacağı üçün isə bu hədd 57 faizdən 18 faizə endirildi. Məsələ ondadır ki, vergi dərəcələri hətta dekabrın 3-dəki səviyyədən də aşağı həddə endirildi. Nəticədə bahalaşmağa səbəb olan verginin aşağı salınması belə yanacağı ucuzlaşdıra bilmədi”.

Ekspertin hesablamalarına görə, reallıqda yanacaqdoldurma məntəqələri AI-92 və AI-80 markalı benzinlərin hər litrini 44 qəpiyə, dizel yanacağını isə 37 qəpiyə satmalıdır: “Əgər aksiz vergisinin azaldılması fonunda pərakəndə satış qiymətləri dəyişməyibsə, deməli, şirkətdaxili tariflər artırılıb və əldə edilmiş vəsait SOCAR-a çatır”.

Xəyal