«Niyə biz hər işdə prezidentə müraciət etməliyik?»
Bakının Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 4, ev 22 sakini Qurban Əliyev “Azadlıq”a müraciət edib. 2-ci qrup əlillik dərəcəsi olan şikayətçi Prezident Administrasiyası, KTN, Ədliyyə Nazirliyi, Şabran rayon icra hakimiyyəti və rayon məhkəməsinə üz tutur:
“Hörmətli cənablar! Oğlum Həsənin 35 sot, qayınım Şirazi Məhərrəmovun da 35 sot torpaq sahəsi bir yerdə, eyni çəpərin içindədir. 2007-ci ildə alınan torpaq sahəsini əkib-becərə bilmirik. Taxtadan iki dəfə daxma tikdik, qışda dağıdıb apardılar. Torpağın 17 sotunu Əmirxanlı kənd sakini Zeynal Zamanov öz torpağına qataraq başqasına satıb. Bakıda yaşayıb orada bağ salmaq, arı saxlamaq mümkün deyil. Sahədə daşdan təsərrüfat anbarı tikib arı yeşiklərini, texniki- təsərrüfat alətləri orada saxlamaq istəyirik. Lakin Şabran icra hakimiyyətinin məmurları icazə vermir ki, bu işi görək. Nəticədə Torpaq Məcəlləsinin 13.2-ci maddəsi pozulur.
Bu torpaq sahəsi 7 ildir boş qalmaqla kimə nə xeyir verib" 4+8 ölçüdə bir təsərrüfat anbarı tikib prezidentin “torpağı əkin” göstərişinə əməl etmək yaxşıdır, ya 70 sot torpağı boş saxlamaq? Dünyada 10 minlərlə hektar torpaq sahəsini səmərəli istifadədən məhrum edən elə bir kənd təsərrüfatı qurumu varmı? Sahənin hər tərəfi quru otlaqdır, yanğın olsa nə edəcəyik?
Mənim 66 yaşım var, ömür keçir. Niyə biz hər problemin həll olunmasında prezidentə müraciət etməliyik? Əlaqədar qurumlar niyə bu problemi həll etmək istəmir?".
Sosial şöbə