Maliyyə Nazirliyindən “Azadlıq”ın yazdıqlarına reaksiya

Büdcə zərfi nə vaxt ictimaiyyətə təqdim olunacaq?

Maliyyə Nazirliyi “Azadlıq”ın yazdıqlarına reaksiya verib. Xatırladaq ki, sentyabrın 1-də Nazirlər Kabinetində baş nazir Artur Rəsizadənin sədrliyi ilə büdcə zərfi ilə bağlı müzakirələr aparılıb. Rəsmi məlumata görə, müzakirələrin yekununda büdcə zərfinə daxil olan sənədlər toplusunun ölkə başçısına təqdim edilməsi barədə qərar qəbul edilib.

“Azadlıq” büdcənin gəlirləri, xərcləri və kəsiri barədə heç bir məlumat verilməməsinə diqqət çəkərək bunun müxtəlif mülahizələrə səbəb olduğunu yazmışdı.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev isə APA-ya açıqlamasında bildirib ki, 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin açıqlanmasının gecikməsi və ya gizli saxlanılmasına dair bəzi qəzetlərdə və internet saytlarında yazılanlarla bağlı məlumat verib.

Mais Piriyev deyib ki, “Büdcə sistemi haqqında” Qanuna və büdcənin tərtibi prosesinin təqviminə uyğun olaraq 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri vaxtından xeyli əvvəl hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub: “Sentyabrın 1-də büdcə zərfinə daxil olan sənədlər toplusu Baş nazir Artur Rəsizadənin sədrliyi ilə Nazirlər Kabinetində geniş müzakirə olunaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib. Növbəti həftə isə 2016-ci ilin dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat hər il olduğu kimi, Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilərək ictimaiyyətə təqdim olunacaq. Ona görə, bu kimi reallıqdan uzaq, qərəzli şayiələrin yayılması ən azı təəccüb doğurur”.

Mais Piriyev əlavə edib ki, Milli Məclsə seçkilərin 2015-ci il noyabrın 1-ə təyin edildiyini nəzərə alaraq, bu il dövlət büdcəsinin layihəsinin parlamentin müzakirəsinə vaxtından əvvəl təqdim olunması da istisna olunmur.