Xədicənin həbsi nəyi dəyişdi?

Bütün dünya onun həbsinin əsl səbəbini bildi

Bundan sonra korrupsiya araşdırmaları daha geniş miqyas alacaq

Hakimiyyət daha bir vicdanlı vətəndaşa məğlub oldu. Həm də bu “analoqsuz” rejim qəhrəman bir qadın qarşısında uduzdu. Bəli, Xədicə Ismayıl dəmir barmaqlıqlar arxasında da dəmir iradə nümayiş etdirdi və Əliyev hakimiyyətinin nə qədər miskin, cılız, anti-insani olduğunu ortaya qoydu. Heç kimə sirr deyil ki, Xədicə Ismayıl Ilham Əliyev ailəsinin korrupsiya cinayətlərini üzə çıxardığı üçün həbs olunub.

Onun üzə çıxardığı həqiqətləri hakimiyyət təkzib edə bilmədi. Əgər Xədicə Ismayılın araşdırmalarında zərrə qədər yalan, qərəz olsaydı, hakimiyyət onu məhz bu yalan ittihamlara görə həbs edərdi. Məsələn, Ilham Əliyev sübut edərdi ki, haqqında danışılan milyardlar ona məxsus deyil və onun bioqrafiyası təmizdi. Amma Xədicə Ismayılın ictimailəşdirdiyi xəbərlər faktlara əsaslanır və bunu inkar etmək mümkün deyil. Ona görə də hakimiyyət Xədicə Ismayıla qarşı fərqli ittihamlar “istehsal” etdi və nəticədə heç bir ittihamı sübuta yetirə bilmədi. Yenə də öz “ənənə”lərinə sadiq qalaraq Xədicə Ismayılı sifarişlə 7 il 6 ay həbsə göndərdilər. Xədicədən öncə eyni ssenarilər Leyla Yunusun üzərində reallaşdı. Əliyev hakimiyyəti düşmənlə döyüşməyə cəsarət tapmasa da, qadınlarla döyüşdə “cəsarət” nümayiş etdirir. Əslində, zərrə qədər qüruru, əzmi, özünə hörməti olan diktator da bir qadınla şər-böhtan dilində mübarizə aparmağı özünə yaraşdırmazdı. Bu hakimiyət isə bütün anti-insani ssenariləri yazmağa hazırdı. Indi, Əliyev hakimiyyəti  “qələbə”ni bayram edir. Bir qəhrəman qadını şərləyə bilməyin keyfini yaşayırlar.

Amma bu yazının məqsədi tamam başqadı. Hakimiyyət bu həbslə nəyə nail oldu? Heç kimə sirr deyil ki, Xədicə Ismayılın həbsi onun fəaliyyətini dayandırmaq, hakimiyyətin cinayət əməllərini gizlətmək məqsədi güdür. Amma nəticə göstərir ki, Xədicə Ismayılın həbsi hakimiyyətin korrupsioner mahiyyətini daha da açacaq. Artıq ABŞ Departamenti, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, dünyanın ən nüfuzlu hüquq müdafiə təşkilatları, nüfuzlu nəşrlər bu həbslə bağlı kəskin mövqe bildirib və Xədicənin həbsinin əsl səbəbini bildiklərini söyləyirlər. Üstəlik, beynəlxalq araşdırmaçı jurnalistlər  Əliyev ailəsinin və iri məmurların var-mülkünü araşdırır. Yəni Xədicə Ismayılın həbsi bu cinayətlərin üzə çıxarılmasını tormozlamadı, əksinə, daha da sürətlənməsinə səbəb oldu. Bəli, Xədicə Ismayılın həbsi onun missiyasını yarımçıq qoymadı. Indi 100-lərlə hüquq müdafiəçisi bu işin əslini öyrənmək üçün baş verənlər haqqında daha ətraflı məlumat axtaracaq, onsuz da YAP hakimiyyətindən imtina etmiş beynəlxalq aləm daha qətiyyətli mövqe nümayiş etdirəcək və  müəyyən qədər tərəddüd edən mərkəzlərdə də dəqiqləşmə gedəcək. Digər tərəfdən, hakimiyyətin dövlət maraqlarını şəxsi maraqlara qurban verdiyi, məhkəmə sisteminin Prezident Aparatının əlavəsinə çevrildiyi məlum olacaq.

Göründüyü kimi, hakimiyyət “milli maraqlar” çətiri altında anti-milli ünsürə çevrilib. Hər gün şəxsi hikkələrinə görə dövlətin imicinə xələl gətirirlər. Bir jurnalist qadını həbs etmək üçün bütün dəyərləri qurban verməyə hazırdılar.

Bu hakimiyyət yalnız bu ölkənin vətəndaşı ilə düşmənçilik aparır. Amma Qarabağın işğalına çıraq yandırmış, Xocalı soyqırımını törətmiş, 20 Yanvar faciəsinə drijorluq etmiş  Rusiyanın qarşısında diz çökürlər. Əliyev hakimiyyəti bu qədər aşkar qanunsuzluq faktları ilə dövlət adına silinməz  ləkələr vururlar.

Bu qədər qanunsuz və cinayətkar əməllərdən sonra dünya birliyindən tərif umurlar. Guya, Xədicə Ismayılın həbsindən sonra bütün dünya Ilham Əliyevi alqışlamalıymış. Doğrudan da  vəziyyət çox ağırdı. Dünya YAP hakimiyyətindən öz vətəndaşına hörmət tələb edir. Bu hakimiyyətin öz vətəndaşına qarşı qəddarlığı bütün dünyanı şoka salıb.

Bir sözlə, Xədicə Ismayılın həbsi hakimiyyətin növbəti çöküşü oldu. Indi 100-lərlə Xədicələr Əliyev ailəsinin varidatını araşdıracaq. Amma həmin jurnalsitləri şərləyərək həbs etmək mümkün olmayacaq. Deməli, Xədicə Ismayıl daha irimiqyaslı layihələr həyata keçirmiş olacaq.

Akif