Nəsib Piriyev Beynəlxalq Banka borcunu inkar etdi və hədələdi

Oliqarx Nizami Piriyevin oğlu, PNN Group şirkətinin rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən Nəsib Piriyev Londondan bəyanat yayaraq Beynəlxalq Banka hər hansı kredit borcunun olduğunu inkar edib.
 
Virtualaz.org saytı xəbər verir ki, oliqarxın oğlu üstəlik onun barəsində “yalan məlumat yayan” hər kəsi məhkəmə ilə hədələyib.
 
Nəsib Piriyevin bəyanatı ödənişli press-relizlər yaymaqla ixtisaslaşan “PR Newswire” agentliyi tərəfindən tirajlanıb. Orada deyilir ki, Nəsib Piriyev onun barəsində son günlər Azərbaycanda yayılmış bəzi məlumatlara aydınlıq gətirmək istəyir.
 
“Onun adının Azərbaycan hakimiyyəti tərəfindən İnterpolun axtarış siyahısına verilməsinə baxmayaraq Nəsib Piriyev ədalət məhkəməsindən qaçıb gizlənməyib və hazırda bu əsassız qərarın ləğv edilməsi üçün vəkilləri ilə işləyir”- deyə açıqlamada bildirilir.
 
Bəyanatda deyilir ki, hazırda Londonda ailəsi ilə birlikdə olan cənab Piriyev ona qarşı irəli sürülmüş ittihamların tamamilə əsassız olduğunu bildirir: “Nə Piriyevin, nə ona məxsus olan hər hansı şirkətin Azərbaycan Beynəlxalq Bankına hər hansı kredit borcu yoxdur”.
 
Əlavə olunur ki, Piriyev bu hadisələr barədə Avropa, ABŞ, Rusiya və Çindəki tərəfdaş-şirkətlərinə məktub yazaraq məlumatlandırıb. Bundan əlavə Piriyev bütün maraqlı tərəflərin nəzərinə çatdırmaq istəyir ki, yalan ittihamlar yaymaqla və ya zərərli məqalələr dərc etməklə onun imicinə zərbə vurmağa çalışan istənilən şəxsə qarşı hüquqi addımlar atmaq haqqını özündə saxlayır.