Xaliq Bahadır
xanbahadir@mail.ru
ABŞ dövlət katibi Con Kerri bugünlərdə belə bir bildiriylə çıxış etdi: “Azərbaycanda hökuməti dinc dəyişmək hüququ xalqın əlindən alınıb”. Kerri bununla Azərbaycanda çoxdan yazılmamış qanuna çevrilən bir gerçəyi dilə gətirdi. Bu “yazılmamış qanun” nədir? Rejimin saxta seçkilər yoluyla özünə dəyişməzlik hüququ qazandırması! Indiki prezident köməkçisi Əli Həsənov 2013-cü il prezident seçkisi öncəsi demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Bunu 20 illik bir hakimiyətin yetkilisi deyirdi. Bu nə deməkdir? Bu, dövlət terroruddur. Başqa cür desək, bu, dövlət terrorunun bir formasıdır: hakimiyətə gəlmək istəyənlər qanla qorxudulur!
Hakimiyətə gəlməyin dinc yolu seçkidir: bələdiyə, parlament, prezident seçkisi. Bu seçklərini üçünün də açar-kilidi 1993-cü ildən çevriliş yoluyla qurulmuş rejimin, rejim yetkililərinin əlindədir. Buna görə də xalqın hakimiyəti dinc yolla dəyişmək hüququ yoxdur. Bu hüquq onun əlindən indiki rejim qurulandan alınıb. Istər bələdiyə, istər parlament, istərsə də prezident seçkilərində xalqın üzünə bütün yollar-qapılar bağlıdır – saxta seçki yollarından -qapılarından başqa! Burada xalqa yalnız saxta seçki fiqurantı olmaq hüququ verilir. Sən bu hüquqdan qırağa çıxdınmı, çıxmaq istədinmi istər-istəməz rejimin düşməninə çevrilmiş olursan. Bundan sonra səni istənilən çağda oğru, narkoman, bilmirəm, daha nə çıxarıb tuta bilərlər. Axı, sən hakimiyətin dinc yolla dəyişməsinə yönəlik addım atmısan. Bu isə korrupsiya-repressiya rejiminə qarşı ən ağır cinayətlərdən sayılır.
Ayrı necə olmalıdır: 20 il qabaq xırda bizneslə baş girləyən biriləri bu gün korrupsiya-represiya rejiminin yetkililəri olaraq milyarderə çevriliblər. Bizneslərini böyüdüb-genişləndirmək yoluyla yox, Xalqı, Ölkəni, Dövləti soyub-yağmalamaqla, oğurluq yoluyla! Indi yiyələndikləri milyonları, milyardları qanunsuzluqla, xalqın qanını içməklə qazandıqlarını gözəl bildiklərindən dinc yolla olsa belə, hakimiyət dəyişikliyindən qorxur, bu qorxu içində də xalqı qanla qorxutmağa çalışırlar: hakimiyətə gəlmək istəyinə düşsəniz, sizi qıracağıq! Elə bu qırğın qorxuducusu Ə.Həsənov başqa bir çıxışında deyir: “Azərbaycanda bütün fundamental azadlıqlara əməl olunur”. Korrupsiya-yalan rejiminin məntiq nəyinə gərəkdi: bir yandan seçkiləri bütünlüklə saxtalaşdırmaq yoluyla xalqın hakimiyəti dinc yolla dəyişmək hüququnu əlindən ala bilərsən, bu biri yandan “bütün fundamental hüquqlara əməl edirik” deyə bilərsən. Bir yandan hakimiyətlə bağlı gerçəkləri dilə gətirən jurnalistləri – söz adamlarını – söz özgürlüyünü öldürməklə, tutub damlamaqla, boğub-bağlamaqla etkisiz duruma gətirə bilərsən, o biri yandan “bizdə bütün fundamental azadlıqlara əməl olunur” deyə bilərsən. Özü də ölkəni bütünlüklə batırmaqla!
Bəlkə də, hakimiyəti dinc yolla dəyişmək hüququnun xalqın əlindən alınması faktına dözmək, bu faktla necəsə barışmaq olardı. Bəlkə də… Az-çox bacarıqla xalqın dirçəlişinə, ölkənin gəlişməsinə, dövlətin yüksəlişinə çalışılsaydı. Indilikdə (22 illik hakimiyət boyunca) hamısı tərsinədir: yağmalama-soyğunçuluq yoluyla xalq ildən-ilə geriləyib götürüm düşür; ölkə rüşvətin geniş yayılması yoluyla çökürdülür; dövlət korrupsiya yoluyla dağıdılır! Bütün bunlarsa ildən-ilə dönməz xarakter alır…
Budur, qarşıdan parlament seçkisi gəlir. Daha bir saxta seçkini “müxalifət də seçkiyə qatılıb” faktı ilə yola vermək üçün bir çox partiya liderlərini çeşidli yollarla şirnikləndirib özlərinin cinayət ortaqlarına çevirirlər. Indilikdə bu yetmədiyindən Milli Şuranı saxta seçkiyə qatmaq üçün min bir oyundan çıxırlar. Əllərində pul rayon-rayon gəzib bir sıra tanınmış müxalifətçiləri satın alıb saxta seçkiyə qatmağa çalışırlar. Bunlar ANALOQSUZ “inkişafın”, 22 illik ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlərin bütünlüklə qanunauyğun-iyrənc sonuclarıdır!