avroparlament1

Avropa Parlamenti Əliyev rejimini dayandırmağa çağırdı

"Avropa İttifaqı Azərbaycanda tənqidçi səslərin həbsxanaya salınması ilə əlaqədar təcili tədbir görməlidir"

Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiya Azərbaycanda hakimiyyəti tənqid edən şəxslərin barəsində çıxarılan hökmləri kəskin şəkildə pisləyərək, Avropa İttifaqını bu ölkədə insan haqlarının sistematik pozulmasına cavab verməyə çağırıb. Fraksiya bu haqda bəyanatı "Avropa İttifaqı Azərbaycanda tənqidçi səslərin həbsxanaya salınması ilə əlaqədar təcili tədbir görməlidir" başlığıyla yayımlayıb. Bəyanatda deyilir:

"Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən sonra fraksiyanın lideri Qay Verhofştadt bildirib: "Birinci dəfə deyil ki, Azərbaycan hakimiyyəti onu məsuliyyətli olmağa çağıran, ölkədəki korrupsiyanı ifşa edən jurnalistləri həbsxanaya salır. Bu tendensiya dayandırılmalıdır. Avropa İttifaqı Azərbaycandan insan haqlarının qorunmasına dair beynəlxalq öhdəliklərinə əməl etməsini, siyasi məhbusların azadlığa buraxılmasını, mətbuat azadlığına təminat verməsini tələb etməlidir".

Avropa Parlamentinin vitse-prezidenti, Azərbaycan üzrə məruzəçi Anneli Jaatenmaki də bu fraksiyanın üzvüdür. O bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyətini həyəcan təbili çalmağa əsas verir: "Çox təəssüflənirəm ki, Azərbaycanda insan haqlarının vəziyyəti həqiqətən ciddi narahatlıq doğurur. Buna baxmayaraq, Azərbaycan hökuməti, bu ölkənin müxalifəti və vətəndaş cəmiyyətilə ciddi dialoq davam etdirilməlidir. Ölkənin təcrid olunmasındansa, insan haqları sahəsində irəliləyişə nail olmaq üçün bu daha yaxşı üsuldur".

Fraksiyanın Hiderlanddan olan üzvü Mariette Şake də Azərbaycandakı durumdan narahatlığını ifadə edib: "Xədicə İsmayılova barəsində çıxarılan hökm Azərbaycanda tənqidçi səslərə qarşı məhkəmə işlərinin hələlik sonuncusudur. Bu hökm ədalətsiz olmaqla, məhkəmə prosesi də beynəlxalq standartlara cavab verməyib. Azərbaycan hökumətinin müxalifət partiyalarından olan fəallar, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri barəsində sürətlə çıxartdığı hökmlər çox ciddi narahatlıq doğurur. Biz Azərbaycan hakimiyyətini dərhal bütün siyasi məhbusları azadlığa buraxmağa çağırırıq".

İnformasiya şöbəsi