abd-kongres

ABŞ Xədicə İsmayılın azadlığa buraxılmasını tələb edir

Vaşinqton Azərbaycan hökumətinə siyasi məhbusların azad edilməsi üçün təzyiq göstərəcəyini bildirdi

Samanta Pouer: "Biz sizi unutmadıq, sizin azadlığa buraxılmağınız üçün hökumətlərinizə təzyiqləri davam etdirəcəyik"

Araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmə ABŞ-dan sərt reaksiyalar gəlib.

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir ki, Birləşmiş Ştatlar məhkəmənin hökmündən dərin təəssüf hissi keçirir:

"Biz şahid ifadələri, başqa başlıca dəlillərin çatışmazlığı da daxil olmaqla, istintaq və məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntuları barədə məlumatlardan daha da narahat olmuşuq. Bu, Azərbaycanda mətbuat azadlığının qarşısının alınması və insan haqlarının məhdudlaşdırılmasına dair daha bir nümunədir. Azərbaycanın prezidenti İlham Əliyev özü bu yaxınlarda bildirib ki, medianın azadlığı demokratik prinsiplərin ayrılmaz hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Biz Azərbaycan hökumətini xanım İsmayılovanı, eləcə də fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqalarını azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını və insan haqlarını qorumaq və inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik".

"Xədicə korrupsiyanı ifşa etdiyinə görə həbs olunub"

Xədicə İsmayılovanın barəsində çıxarılan hökmə cavab olaraq, ABŞ Konqresinin Helsinki Komissiyası da bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətinin bu addımını pisləyib.

Komissiyanın sədri Kristofer Smit və həmsədr, senator Rojer Uikerin adından yayılan bəyanatda deyilir: "Biz bu hökmdən və xanım İsmayılovanın həbsindən çox narahatıq. O, Azərbaycan hökumətində korrupsiyanı ifşa etmək cəhdinə görə azadlıqdan məhrum edilib.

Ötən ilin dekabrında onun həbsi və "Azadlıq" radiosunun Bakı bürosunun bağlanması mətbuat azadlığına birbaşa hücumdur. Bu hərəkətlər Azərbaycanın çoxsaylı beynəlxalq öhdəliklərinə və ölkənin daxili qanunlarına ziddir.

Biz Azərbaycan hakimiyyətini Xədicə İsmayılovanı və digər vicdan məhbuslarını dərhal azad etməyə çağırırıq".

"Dünya Xədicənin səsindən məhrum olmamalıdır"

ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samanta Pouer də Xədicə İsmayıl barəsindəki hökmə münasibət bildirib. O, bu barədə fikirlərini "Twitter" səhifəsində bölüşüb.

"Azərbaycanın mərd jurnalisti Xədicə İsmayıl 7 il yarım həbs cəzası alıb. Dünya onun səsindən məhrum olmamalıdır", – deyə Samanta Pouer qeyd edib.

Leyla Yunus və Xədicə İsmayıl Dövlət Departamentinin siyahısında

Bu arada, ABŞ Dövlət Departamenti dünyanın müxtəlif ölkələrində həbsdə olan 20 qadının azadlığa buraxılması məqsədilə kampaniyaya başlayıb. Onların arasında ukraynalı təyyarəçi Nadejda Savçenko, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Xədicə İsmayılova və başqaları var.

BMT-nin ABŞ-dakı nümayəndəsi Samanta Pauer bu siyahını yayıb. Onun sözlərinə görə, siyahıya siyasi və digər məhbus qadınlar daxildir.

"Biz sizi unutmadıq, sizin azadlığa buraxılmağınız üçün hökumətlərinizə təzyiqləri davam etdirəcəyik", – deyə Samanta Pauer vurğulayıb.

Azərbaycan hökuməti Xədicə ilə bağlı tənqidlərə cavab verdi

"Xədicə İsmayıl ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik" – bunu Xədicə İsmayıl barəsində çıxarılmış məhkəmə hökmü ilə əlaqədar Qərbin bəyanatlarına cavab olaraq, Azərbaycan Xarici İşlər Hazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Təəssüflər olsun ki, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi. Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir", – deyə Hikmət Hacıyev əlavə edib.