ABŞ səfirliyindən Xədicə İsmayılın həbsiylə bağlı açıqlama

ABŞ-ın Azərbaycandakı səfirliyi araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, ABŞ hökuməti jurnalist Xədicə İsmayılın 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi barədə qərardan dərin narahatlığını ifadə edir.

“ABŞ hökuməti Xədicə İsmayılın məhkəmə prosesi və ona qarşı çıxarılan hökmdən dərin narahatlığını həm ictimai çıxışlarında, həm də şəxsi görüşlərdə ifadə edib.

Prezident İlham Əliyevin də bu yaxınlarda vurğuladığı kimi, mətbuat azadlığı demokratik prinsiplərin ayrılmaz tərkib hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Bütün fundamental azadlıqların təmin edildiyi mühitin yaradılması, Azərbaycanda görmək istədiyimiz parlaq, çiçəklənən və sabit gələcəyin vacib elementidir. Bu cür gələcəyi təmin etmək üçün ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir və ümid edirik ki, hökumət Azərbaycanın potensialından tam istifadə edilməsi üçün lazımi addımlar atacaq.

Azərbaycan təhlükəsizlik sahəsində, o cümlədən də regional və qlobal enerji təhlükəsizliyi sahələrində ABŞ-ın çox vacib tərəfdaşıdır. Azərbaycanın bu istiqamətdə rolunu davam etdirməsi və özünün demokratik gələcəyini qurması üçün birlikdə işləməliyik” – deyə bəyanatda bildirilir.