“Davudoğlunun Azərbaycana dəstək açıqlaması Rusiyaya mesajdır”

Elxan Şahinoğlu: «Türkiyənin IŞID və PKK ilə savaş apardığı dövrdə Azərbaycanla birgə təlimlər keçirməsi Kremlə ünvanlanıb»

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana dəstək açıqlaması bir sıra suallar doğurur. Açıqlamanın verildiyi tarix də maraq doğurur. “Türkiyə Azərbaycanın yanında olduğu müddətdə ölkə sərhədlərində problem ola bilməz”. Belə bir açıqlamanı Türkiyənin baş naziri verib. O qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanında olub və həmişə qardaş ölkəni dəstəkləyəcək.

Ə.Davudoğlu bildirib ki, Azərbaycanın uğurları Türkiyənin uğurlarıdır, Türkiyədə avqsutun 30-u qeyd olunan dövlət bayramı – Qələbə günü – Azərbaycanın da bayramıdır.

Baş nazirin açıqlaması Rusiyanın xarici işlər naziri Lavrovun Bakı səfəri ərəfəsinə təsadüf etdi. Elə burada onu qeyd etmək yerinə düşər ki, Rusiyanın “Nezavisimaya qazeta” qəzeti baş verənlərə ayrıca bir məqalə həsr edib. Həmin məqalədə regionda cərəyan edən proseslər təhlil edilərək, onun altı cızılıb ki, Rusiya Türkiyənin Azərbaycanla birgə hərbi təlimlər keçirməsindən ciddi narahatdır. Belə olan halda Davudoğlunun belə bir bəyanat səsləndirməsinin arxasında nə dayanır? Bu bəyanat kimə ünvanlanıb?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Türkiyə hazırda iki istiqamətdə ciddi mübarizə aparır. PKK və IŞID-lə mübarizənin fonunda Türkiyənin daxilində də durumun gərgin olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, hər iki terror təşkilatı Türkiyədə terror aktları törədir: “Ona görə belə görüntü yarana bilər ki, Türkiyə zəifləyib və bu üzdən strateji müttəfiqlərini unuda bilər. Davudoğlunun bu açıqlaması ona xidmət edir ki, Türkiyə Azərbaycanı unutmayıb. Bu həm də PKK-ya bir mesajdır. Çünki PKK sanki Azərbaycanı hədəf götürüb. Bakı-Ərzurum qaz kəmərinin bir neçə dəfə partladılması təsadüf sayıla bilməz. Bu addım o qüvvələrin marağındadır ki, onlar Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropa bazarlarına daşınmasında maraqlı deyillər”.

E.Şahinoğlunun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin görüşündə bir sıra razılıqların əldə olunması təsadüfi deyil. Müzakirələrin əsas mövzularından birinin Türkmənistan qazının gələcəkdə Azərbaycan vasitəsilə Avropaya daşınmasıdır: “Bu da Rusiyanı qıcıqlandırır. Bundan başqa, Rusiya Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlərindən də narahatdır. Amma Rusiya bu təlimlərə açıq formada çıxa da bilmir. Çünki özü də Ermənistanla birgə hərbi təlimlər keçirir. Məhz belə bir mərhələdə Rusiyanın xarici işlər naziri Bakıya gəlir. Bu səfərin Qarabağ danışıqları ilə bağlı olduğunu deyirlər. Amma Rusiya problemin həllini istəmir. Əgər belə bir niyyət olsaydı, çoxdan Ermənistana təsir edib, prosesi sürətləndirə bilərdilər”.

Lavrovun Bakıya səfərinin məqsədinin Azərbaycanı Qərbdən uzaq tutmaq olduğunu deyən E.Şahinoğlunun fikrincə, eyni zamanda o mesajlar da çatdırıla bilər ki, Azərbaycanın cəbhə bölgəsində fəallaşması ölkəmizə əlavə problemlər yarada bilər: “Regionumuzda baş verən prosesləri Türkiyədə də izləyirlər. Davudoğlunun bu açıqlaması Rusiyaya da bir mesajdır. Türkiyə bildirmək istəyir ki, Lavrov Bakıya səfər edərək Azərbaycana təzyiq etməsin, onun arxasında Türkiyə var. Türkiyə hazırkı problemlərinə baxmayaraq Azərbaycana dəstək verməyə hazırdır. Əslində Türkiyənin IŞID və PKK ilə savaş apardığı dövrdə Azərbaycanla birgə təlimlər keçirməsi Kremlə ünvanlanan mesajdır”.

Xəyal