
Sentyabrın 1-də nahar fasiləsindən sonra Bakı Ağır Cinayətlər Məhkəməsində AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıla hökm oxunması gözlənir.
Dünən Xədicə İsmayıl məhkəmədə son sözünü deyib, amma hakim onun nitqini bitirməsinə imkan verməyib və onun «mahiyyəti üzrə danışmadığını» bildirib.
Dövlət ittihamçısı jurnalistin 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Dünənki prosesi izləmək üçün gələnlərin çoxluğu görünür hakimiyyəti narahat edib. Belə ki, məhkəməyə gələnlərin yaxınlıqdakı çayxanalarda oturmasını nəzərə alaraq bu gün həmin çayxanaları bağlayıblar. "Azadlıq.info"nun əməkdaşı xəbər verir ki, yaxınlıqdakı çayxanalar gündüz saatlarından bağlıdır. Bu da məhkəməyə gəlib, lakin zala keçə bilməyənlər üçün əlavə problemlər yaratmaq məqsədi daşıyır.


