
Çərşənbə axşamı günü tanınmış təhqiqat jurnalisti Xədicə İsmayılova vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla bir neçə ittihamla 7 il yarım müddətinə azadlıqdan məhrum edildi. Heç kim şübhə etmir ki, onun əsl cinayəti Azərbaycanın hakim elitasının iddia edilən korrupsiyalı biznes fəaliyyətinə dair təfərrüatlı və rüsvayedici məqalələri dərc etdirməsidir.
İsmayılovanın məhkum edilməsindən üç həftə əvvəl Azərbaycanın yaxşı tanınan insan haqları müdafiəçisi Leyla Yunus və onun əri, böyük hörmətə malik tarixçi alim Arifə qarşı da ağır həbsxana hökmləri çıxarılıb.
Qarşıdan gələn bir neçə ayda hazırda həbsxanada olan onlarca hökumət tənqidçilərinin işləri üzrə də hökmlərin çıxarılması gözlənilir. Bunların arasında gənc fəallar, insan haqları vəkili və tanınmış qəzet sütunçusu da var.
Bu repressiyalar Azərbaycanı hazırda Avropanın ən avtoritar rejimi edib. Bunlar niyə və niyə indi baş verir?
Burada, bu günlərə təsadüf edən xüsusi kabinet müşavirəsini çağırmış prezident İlham Əliyevin vermək istədiyi mesaj var (Həmin müşavirədə ölkədə yaranmış iqtisadi vəziyyət müzakirə edilirdi). Neft qiymətlərinin düşdüyü və regional iqtisadi tənəzzülün baş verdiyi bir vaxtda prezident hətta kiçicik müxalif manifestasiyalar üzərinə hücumları ikiqat artırıb və tənqid dilə gətirən azsaylı insanları cəzalandırır.
Lakin burada xarici siyasət mesajı da var. Həbsxanada olan aparıcı fiqurların demək olar ki, hamısı qərbyönlü adamlardır. İsmayılova ABŞ hökuməti tərəfindən maliyyələşdirilən AzadlıqRadiosunun məşhur jurnalistidir. Bu radiostansiyanın Azərbaycandakı fəaliyyəti hazırda dayandırılıb.
Ötən dekabrda ABŞ dövlət katibi John Kerry prezident Əliyevə zəng edərək vətəndaş cəmiyyəti üzərinə hücumdan narahatlıq keçirdiyini bildirmişdi. Bundan beş gün sonra Azərbaycan hökuməti AzadlıqRadiosunun Bakı ofisini nümayişkəranə bir şəkildə bağladı.
Aprel ayında Azərbaycanın hökumət rəsmiləri Kerry-ni Konqresdəki ofisindən "anti-Azərbaycan kampaniyası" aparmaqda ittiham edərək onun üzərinə şəxsi hücuma keçdilər.
İsmayılovaya hökm oxunan gün isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqlar üçün Bakıya gəlib.
Azərbaycan və Rusiya arasında bir çox dünya məsələrinə dair böyük fikir ixtilafları var. Məsələn, enerji siyasəti bunlardan biridir. BP kimi Qərb neft şirkətləri hələ də Azərbaycana böyük investisiya yatırımları edirlər.
Lakin bu iki ölkə öz dövlətçilik modellərinə və dünya baxışlarına görə getdikcə daha çox yaxınlaşmaqdadır. Putin və Əliyev, hər iki prezident dəyişikliklərə qarşı müdafiə qalası ucaldırlar. Onlar hər şeydən çox Ukrayna lideri Viktor Yanukoviçi devirmiş xalq hərəkatlarından qorxurlar.
Hər iki lider repressiyalara özlərinin salamat qalması üçün alət kimi baxır və öz tənqidçilərini Qərbdən ilhamlanan rejim dəyişikliyi üçün işləyən agentlər kimi görürlər. Avropada və Birləşmiş Ştatlarda İsmayılovanın məhbus edilməsi kimi qisasçı tədbirlərə qarşı səslər çoxaldıqca, yalnız bunu gözləmək olar ki, Azərbaycan və Qərb arasındakı uçurum daha da böyüyəcək və Azərbaycanın Moskva ilə münasibətləri daha da möhkəmlənəcək.