Lavrovun Bakıya təcili səfəri nə məqsəd daşıyır?

Gültəkin Hacıbəyli: «Lavrovun səfəri bölgədə baş verən proseslərlə birbaşa bağlıdır»

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sentyabrın 1-də Azərbaycana səfərə gəlməsi bir sıra suallar doğurur. Məlumat verilir ki, səfər zamanı ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Amma səfər region üçün kifayət qədər həssas dönəmə təsadüf edir. NATO Gürcüstanla sıx əməkdaşlıq xəttinə qədəm qoyub. NATO-nun Gürcüstanda təlim bazası yaratmaq niyyəti də bunu sübut edir. Bundan başqa, son günlər Türkiyə ilə Azərbaycan arasında geniş miqyaslı hərbi təlimlər keçirilib. Məhz səfərin bu ərəfəyə təsadüf etməsi bir sıra suallar doğurur.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, səfərin konkret olaraq hansı məqsədlə həyata keçirildiyini birmənalı olaraq demək mümkün deyil. Amma səfərin hansı şəraitdə baş verdiyinə əsasən onun hədəflərini də müəyyənləşdirmək olar: “Səfərin bir ictimaiyyət üçün elan olunan tərəfləri olur, bir də səfərin real məqsədi. Bu cür səfərlərin bir çoxu bağlı qapılar arxasında qalır. Yalnız ikitərəfli danışıqlarda iştirak edən tərəflər danışıqların detallarını bilirlər. Hazırda bunlar Rusiya xarici işlər naziri və Azərbaycanın dövlət başçısıdır. Bu səfər bölgədə baş verən proseslərlə birbaşa bağlıdır. Bölgədə çox ciddi geosiyasi savaş özünü göstərir. Gürcüstanın NATO istiqamətində atdığı ciddi addımlar, NATO-nun artıq Azərbaycan sərhədlərinə yaxınlaşması Rusiyanın bu proseslərlə bağlı daha fəal mövqedən çıxış etməsinə təhrik edir”.

G.Hacıbəylinin sözlərinə görə, Rusiyanın da Azərbaycan rəhbərliyi ilə münasibətləri daha da sıxlaşdırmasını məhz bu rakursdan qiymətləndirmək lazımdır. Digər tərəfdən, Azərbaycanla-Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşməsinin, Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsinin Rusiyanın diqqətindən yayınmadığını deyən G.Hacıbəyli vurğuladı ki, Rusiyanın iqtisadi durumunun ağır olduğunu, Kremlin dünyadakı mövqelərini əldən verdiyini nəzərə alsaq, bu səfər Rusiyanın bölgədə imicini qoruyub saxlamağa hesablanıb. “Bu səfər eyni zamanda bağlı qapılar arxasında Azərbaycan rəhbərliyinə qarşı təzyiq rıçaqlarını işə salmağa, bölgədə hələ də Rusiyanın söz sahibi olduğunu xatırlatmağa hesablanıb. Amma bir daha qeyd etmək yerinə düşə bilər ki, burada başqa məqamlar da ola bilər. Bu məqamlar isə bağlı qapılar arxasında müzakirə edildiyindən yalnız tərəflərə məlumdur”, deyə G.Hacıbəyli vurğuladı.

Xəyal