Razi Nurullayev özünü yenə ifşa etdi

«Yeni lider» AXCP-ni dağıtmaq istədiyini etiraf etdi

Əslində bu haqda yazmamaq da olardı. Çünki, son günlər ortaya qoyulan faktlar “Razi əməliyyatı”nın hansı bulaqdan su içdiyini cəmiyyətə göstərdi. Məlum oldu ki, hətta pul gücünə də cəbhəçiləri tələyə salmaq mümkün olmur və buna görə də saxta cəbhəçi istehsal etmək zərurəti yaranıb.  “Hətta pul gücünə” ifadəsini ona görə xüsusi qeyd edirik ki, bu ölkədə xeyli sinəsinə döyən adam pula görə mənliyini satışa çıxarıb.

Bu haqda yenidən yazmağa isə Razi Nurullayevin özü məcbur etdi. Belə ki, hökumətin müxalifəti olmaq qərarına gələn Razi “ölkə.az” saytına müsahibə verib. Demək olar ki, bu müsahibədə Razi “kimliyini” ortaya sərib və özünü tam ifşa edib.

Müsahibədə Razi Nurullayev deyir: “Açıq deyəcəm. Cəbhənin içərisində iş aparırdım. Neçə illər Cəbhənin içərisində iş aparmışam və bu bilinməyib. Onu özü də söhbətimizdə bunu etiraf etdi. Əli Kərimli mənə dedi ki, sən hakimiyyətdən pul almısan. Hakimiyyətə işləyirsən. Biz səninlə dostuq, neçə il yol gəlmişik. Ona görə də düşünürəm ki, biz sülh yolu ilə ayrılaq. Sən bəyanat yay ki, xəstəliyinlə bağlı siyasətdən çəkilirsən və qeyri-hökümət təşkilatı yaradıb bu işlə məşğul olacaqsan. Biz də səni satqın elan etməyəcəyik, sənin üzərinə getməyəcəyik”.

Indi özünüz fikirləşin partiyanın içində iş aparan, partiyanı dağıtmaq istəyən adama hansı münasibət göstərilməli idi. Adam açıq şəkildə etiraf edir ki, pozuculuqla məşğul olurmuş. Deməli, Əli Kərimli oturub gözləməliymiş ki, Razi Nurullayev partiyanı dağıtsın. Deməli, xəyanətə, dağıdıcılığa göz yummaqla, demokratiyanın kəşf olunmamış nümunəsini göstərməliymiş. Bir daha aydın olur ki, Əli Kərimli vaxtında və qətiyyətli addım atıb. Çünki,oğru cinayətini etriaf edir.

Ardınca Razi Nurullayev Əli Kərimli ilə son danışıqlarını  xatırlayır. Yenə etiraf edir ki, Əli Kərimli bu adamı hökumətdən pul aldığına, hökumətə satıldığına görə qovub. Razi bütün bunları xatırlamaqla Əli Kərimlinin satqınlığı bağışlamadığını, hökumətlə mübarizədə prinsipial olduğunu və bu məsələdə heç kimə güzəştə getmədiyini təsdiqləyir. Bütün bu etiraflardan sonra isə Əli Kərimlinin hökumətlə sövdələşdiyini, seçkilərədə 5 yer qazanacağını söyləyir. Göründüyü kimi bu adamın siyasi təfəkkürü sıfırın altındadı.  Gah Əli Kərimlinin hökumətlə mübarizədə prinsipial olduğunu, gah da hökumətlə sövdələşdiyini qeyd edir. Digər tərəfdən AXCP Milli Şurada təmsil olunur və bu qurum şərtlərin dəyişməyəcəyi təqdirdə seçkiyə qatılmayacaqlarını bəyan edib. Ümumi mənzərə onu göstərir ki, AXCP parlament seçkilərinə qatılmayacaq. Belə olan halda AXCP seçkidə 5 yeri necə əldə edə bilər? Bu qədər absurd fikirlərlə silahlanmış, sözünün əvvəli ilə sonu uyğun gəlməyən adama necə iş tapşırmaq olar? Görünür, bu hakimiyyət də elə Razi ağıldadı.

Daha sonra Razi Nurullayev Əli Kərimlinin ona olan təklifini xatırlayır. Hansıki, bu məqam da Əli Kərimlinin hansı  əxlaqa malik olduğunu ortaya qoyur. Yəni, son məqamda da bu adamı xilas etməyə və daha dərinə batmaqdan sığortalamağa çalışır. Bir anlıq təsəvvür edin ki, Razi Nurullayev “satqınlıq limiti”ni Əli Kərimli ilə son danışıqdan sonra məhdudlaşdırıb. O zaman heç olmasa bulaşdığı çirkab köhnələrdi. Indi isə Razinin çirkabını okeanların suyu da təmizləyə bilməz. Adam bütün varlığını hökumətin ixtiyarına verib və Rauf Arifoğlunun dəstəyi ilə yalanlar istehsal etməkdədi.

Məlum müsahibədə başqa ziddiyyətli məqamlar da var. Ən qeyri-ciddisi isə “Razi cəbhəsi”nin qurultaya hazırlaşması xəbəridi. Təsəvvür edin ki, hökumətin ciddi maliyyə dəstəyi ilə bu adamlar AXCP-ni dağıtmaq missiyası götürüblər və nəticə nəticəsizlikdən ibarətdi. 5-6 adam tapıblar ki, bunun da biri KXCP-çi, biri Avropa oyunlarının məşəl daşıyanı, o biriləri isə heç kimin tanımadığı adamlardı. Indi bu “qırıq qoşun”la qurultay keçirmək istəyirlər. Əslində bu bəyanatın özü də Razinin nə qədər qeyri-ciddi adam olduğunu göstərir. Çünki, Razi bundan sonra 20 il də siyasətdə olsa qurultay keçirə bilməz. Razi ən yaxşı halda 100 manatdan pul paylayıb, BMM-də mətbuat konfransı keçirə bilər.

Bir sözlə, Razi Nurullayev “ölkə.az”a verdiyi müsahibə ilə, ölkədə bir daha rüsvay oldu. Bir adam ki, ali təhsili olmayanları politoloq, konfliktoloq kimi təqdim etməyə utanmır, bu adamdan bütün “loq”luqları gözləmək olar.

Samir