Davudoğlu Məmmədyarovla Gülən və PKK-çılardan danışacaqmı?

Nazirlərin görüşündə PKK ilə bağlı məsələyə toxunulacağı istisna edilmir

Elxan Şahinoğlu: «Ermənistanın istəyi odur ki, PKK-nı Azərbaycan ordusu ilə üz-üzə qoysun»

Antalya şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Antalyada keçiriləcək üçtərəfli görüşdə Aşqabad da qəbul olunmuş qərarların icrası müzakirə ediləcək. Bunu Türkiyə Xarici Işlər Nazirliyinin sözçüsü Tancu Bilgiç Ankarada jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, nazir Mövlud Çavuşoğlu görüşə qatılmaq üçün Antalyaya gedəcək. Üçtərəfli toplantının regional əhəmiyyətə malik olduğunu vurğulayan T.Bilgiç, Antalya görüşündə Aşqabadda qəbul olunmuş qərarların icrasının müzakirə olunacağını söyləyib.

Üçtərəfli görüş ilk dəfə 2014-cü il mayın 26-sı Bakıda, ikincisi 2015-ci il yanvarın 29-u Aşqabad keçirilib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov türk KIV-lərinə verdiyi açıqlamada görüşün səbəbini açıqlayıb. O bildirib ki, toplantı enerci və digər sahələrdə əməkdaşlığı həyata keçirmək baxımından əhəmiyyət daşıyır.

“Xəzər dənizinin şərqində Türkmənbaşı Limanı ilə Azərbaycanda yeni inşa edilən Ələt Limanın inşa işləri bitəndə Ro-Ro gəmilərindən istifadə olunacaq. Bu xətdə, istər Türkiyə, istər Azərbaycan torpağından tranzit olaraq, Xəzər dənizi vasitəsilə, Türkmənistan və Qazaxıstanÿda daxil olmaqla,ÿOrta Asiyaÿrespublikalarına yüklərin daşınması nəzərdə tutulur.

Səfər zamanı ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulur. Ona görə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə PKK-nın son zamanlar fəaliyyətini artırmasına, onun Azərbaycanın da maraqlarını təhdid etməsinə toxunulacağı istisna deyil. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda bir sıra deputatların adı Gülənçi şəbəkəyə yaxınlıqda hallanır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, görüşlərin artıq bir nəticə verməsinin zamanı yetişib. Xarici işlər nazirlərinin bu sayca 3-cü görüşünün olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, nəticə isə Azərbaycanla Türkiyənin viza məsələsində razılıq əldə etməsi, Türkmənistanla Azərbaycanın Xəzərə dair ortaq məxrəcə gəlməsi ola bilər: “Nəhayət Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan, daha sonra isə Türkiyə vasitəsilə Avropaya daşınmasına dair razılığın əldə olunmasına ehtiyac var. Hazırda Türkiyə PKK terrorçuları ilə ciddi mübarizə aparır. Türkiyə ordusunun ciddi itkiləri olsa da, PKK da sarsıdıcı zərbəyə məruz qalıb. Hazırda belə bir fərziyyə var ki, Ermənistan PKK-nın Qarabağa yerləşdirilməsi istiqamətində səylər göstəririr. Ermənistanın istəyi odur ki, PKK-nı Azərbaycan ordusu ilə üz-üzə qoysun. PKK həqiqətən də Qarabağda yerləşərsə, Azərbaycanın PKK ilə toqquşması real ola bilər. PKK faktiki Azərbaycanla sərhəddə yaxınlaşıb. Ona görə bu məsələ ciddiyyətə alınmalıdır. Azərbaycan XIN bu terrora qarşı öz mövqeyini ortaya qoymalıdır. Azərbaycan PKK-nın fəaliyyətini gündəminə gətirməlidir və Türkiyə ilə bu istiqamətdə əməkdaşlıq edilməlidir”.

Azərbaycanın Türkiyənin hərbi dəstəyinə ehtiyac duyduğunu deyən E.Şahinoğlu vurğuladı ki, Azərbaycanla Türkiyənin hava qüvvələrinin birgə təlimini keçirməsi təsadüfi deyil. “Eyni adlı təlimləri Rusiya Ermənistan da birgə keçirir. Rusiya-Ermənistan hərbi ittifaqı varsa, bu hərbi ittifaqa qarşı Azərbaycan-Türkiyə hərbi ittifaqı gücləndirilməlidir. Əgər PKK Türkiyəni hədəf alıbsa, bu Azərbaycanın da hədəf olması deməkdir. Bakı-Ərzurum qaz kəməri iki dəfə partladılıb. Bu isə artıq o deməkdir ki, kəmərə hücumlar təsadüfi deyil”, deyə E.Şahinoğlu vurğuladı.

Xəyal