
Hökumətlə məsələ aydındır. Amma hazırkı acınacaqlı duruma görə bizim özümüzün də millət olaraq məsuliyyətimiz az deyil. Heç olmazsa, hamıya aid olan, vacib məsələlərdə həmrəylik göstərib, ortaya iradə qoymaq lazımdır.
Baxın, bütün analoqlu inkişaf edən ölkələrdə neftin qiyməti düşdükcə, benzinin də qiyməti düşür. Hətta bizim SOCAR da Gürcüstanda və Ukraynada satdığı benzinin qiymətini aşağı salıb. Amma bizim ölkəmiz “analoqsuz” inkişaf etdiyinə görə, bazarın bu qızıl qaydası da bizdə işləmir. Bizim ölkəmizdə neftin dünya bazarındakı qiyməti qalxanda benzinin və digər yanacaq məhsullarının da qiyməti qalxır, amma neftin qiyməti düşəndə benzinin qiyməti düşmür. Niyəsi aydındır. Ölkədə nə dövlətin, nə də bazarın qanunları işləyir. Yeganə işləyən qanun güclülərin hər zaman haqlı olduğu cəngəllik qanunudur.
Gəlirəm bizim millət olaraq öz məsuliyyətimizə. Hökumət ilin əvvəlində yanacağın qiymətini litrində 2 qəpik artıranda sosial şəbəkələr necə od püskürdüsə, hökumət qorxuya düşüb, qərarı ləğv etdi. Neftin qiymətinin 2 dəfədən də çox düşdüyü son 10 ayda benzinin litri də əhəmiyyətli dərəcədə (2 qəpik yox) ucuzlaşmalıydı. Yanacaq ucuzlaşsaydı, bazarda hər şey ucuzlaşardı. 2 qəpiklik artıma qarşı səfərbər olunmuş millət onlarla qəpik ucuzlaşma tələbilə nədən səfərbər olub, öz haqqını istəməsin? Bəlkə, hamılıqla cəhd edək?