Fuad Qəhrəmanlı: «NATO-nun baş katibinin Gürcüstana səfəri Rusiyanın Cənubi Qafqazda atdığı addımlara cavabdır»
Avqustun 26-da NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana səfər edib. Səfər iki gün davam edəcək. Səfər çərçivəsində Gürcüstanda alyansın təlim mərkəzinin açışılışının olacağı gözlənilir. Baş katib həmçinin, ölkənin NATO-ya üzvlük perspektivi ilə bağlı məsələləri müzakirə edəcək.
Amma səfər ərəfəsində regionda baş verən hadisələr maraq doğurur. Bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyinin dəmiryol qoşunlarının 50 xüsusi texnikası və 500-dən çox hərbçisi Gürcüstanın separatçı Abxaziya bölgəsinə yeridilib.
Başqa bir diqqət çəkən məqam Rusiyanın Xəzərdə hərbi təlimlər keçirməsidir. Hər iki hadisənin məhz NATO-nun baş katibinin Gürcüstana səfəri ərəfəsində baş verməsi təsadüfi sayılmır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, NATO baş katibinin səfəri alyansın Cənubi Qafqaza yetirdiyi diqqəti göstərir. Son vaxtlar Rusiyanın Cənubi Qafqazda, xüsusilə Xəzər hövzəsində hərbi iştirakını gücləndirməkdə olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, Rusiya Ermənistandakı geniş miqyaslı hərbi təlimlərdən sonra, qoşunlarını Abxaziya ərazisinə yeridib: “Bundan başqa, rus qoşunlarının Cənubi Qafqazdakı hərəkəti Qərbə istiqamətlənən enerji kəmərləri ətrafında baş verir. Bu isə Rusiyanın Qərbi enerji kartı ilə təhdid etməsi anlamına gəlir. Eyni zamanda bu addımlardan sonra Rusiyanın Abxaziyada yeni hərbi birləşmələr yerləşdirməsi məsələsi gündəmə gəldi. Rusiya açıq və nümayişkaranə şəkildə Cənubi Qafqazda mövqelərini gücləndirməkdədir. Bununla da Kreml o mesajı verir ki, Cənubi Qafqaz Rusiyanın hərbi təsir dairəsi hesab olunur. Bu da Qərb-Rusiya münasibətlərində geosiyasi ziddiyyətlərin dərinləşdiyi indiki məqamda Qərbdə ciddi narahatlıq yaradır”.
F.Qəhrəmanlının sözlərinə görə, NATO-nun baş katibinin Gürcüstana səfəri Rusiyanın Cənubi Qafqazda atdığı addımlara cavabdır. Qərb o mesajı verir ki, Ukraynada olduğu kimi Cənubi Qafqazda da Rusiyanın mümkün hərbi ekspansiyalarına qarşı laqeyd mövqe sərgilənməyəcək: “NATO Cənubi Qafqazı özü üçün prioritet təhlükəsizlik zonalarından biri hesab edir. Bu baxımdan NATO baş katibinin səfəri Rusiyanın Gürcüstana artan təhdidlərinin fonunda Kremlə verilən cavabdır. Gürcüstanın açıq Qərbyönümlü siyasəti onu Rusiyanın təhdid hədəfinə çevirir. Belə olan halda Gürcüstanın hərbi və təhlükəsizlik baxımdan dəstəklənməsinə ehtiyac duyulub”.
Cənubi Qafqazda Ermənistanın birmənalı olaraq Rusiyanın mövqeyini müdafiə etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycan isə təhlükəsizlik baxımından Qərblə getdikcə artan məsafə saxlayır və bununla da Rusiyanın yanında yer aldığını göstərməyə çalışır. F.Qəhrəmanlının sözlərinə görə, bu baxımdan Azərbaycanda yeni Rusiya bazasının yaradılması ilə bağlı məlumatın da mətbuatda yer alması Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycanda Rusiyanın hərbi iştirakının yenidən bərqərar olunması deməkdir: “Eyni zamanda Azərbaycanın Xəzər hövzəsində Rusiya ilə birgə hərbi təlimlərin birinci fazasında iştirak etməsi, Rusiyanın Xəzərdə genişmiqyaslı hərbi təlimlərə başlaması artıq o deməkdir ki, Kreml Xəzər hövzəsi və Cənubi Qafqazı hərbi və təhlükəsizlik baxımından Qərb üçün qapalı məkana çevirməyə çalışır. Qərbin bu regiona müdaxiləsinin qarşısını hərb və güc yolu ilə alacağına dair açıq mesajlar verir. Vaxtilə Ukraynada da bu addımlar təkrarlanmışdı. Ona görə Qərb baş verənlərə Rusiyanın sadəcə olaraq əzələ nümayişi kimi baxmır. Atılan addımlar Rusiyanın real təhdidi kimi dəyərləndirilir. Bu baxımdan da NATO baş katibinin Gürcüstana səfəri Qərbin regiona verdiyi önəmin və dəstəyin ifadəsidir”.
Xəyal