Ərdoğan seçim hökuməti ilə bağlı hərəkətə keçdi

Türkiyədə yeni hökumətin qurulması üçün ayrılan 45 günlük vaxt avqustun 23-də başa çatdı. Bu müddətdə koalisyon hökumət qurulmadığı üçün növbəti addım kimi prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə seçim hökumətinə gedilməsinə qərar verildi.

Artıq seçkinin vaxtı da bəllidir – 1 noyabr. Ona qədər ölkəni müvəqqəti seçim hökuməti idarə edəcək. Qanuna görə, parlamentdə təmsil olunan bütün siyasi partiyalar seçim hökumətinə deputatlarının sayı qədər üzv verməlidirlər. Artıq MHP və  CHP belə bir hökumətdə yer almayacaqlarını bəyan ediblər. Bu da o deməkdir ki, seçim hökumətinin formalaşdırdığı Nazirlər Kabinetində yalnız iki partiya təmsil olunacaq AKP və HDP.

MHP və CHP-nin rədd cavabından sonra boş qalan 9 nazir yerinə kimlərin gətiriləcəyi isə hələlik məlum deyil. Bu yerlər AKP ilə HDP arasında da bölüşdürülə bilər, bura müstəqil namizədlər də gətirilə bilər.

Iddialara görə, seçim hökuməti baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə qurulacaq və AKP-yə 11, HDP-yə 3 nazir yeri veriləcək. Qalan 12 nazir isə tərəfsizlər arasından seçiləcək. 26 nazirdən üçünün (daxili işlər, nəqliyyat və ədalət naziri) müstəqillər arasından seçilməsi isə birbaşa Konstitusiyanın tələbidir.

Dünəndən etibarən Ərdoğan seçim hökumətinin qurulması istiqamətində fəaliyyətə başlayıb. Bu istiqamətdəki ilk rəsmi görüşünü isə Türkiyə Böyük Millət Məclisinin sədri Ismət Yıldızla keçirib. Dünən axşam saatlarında baş tutan görüş mətbuata qapalı olub. Məlumatlara görə, görüşdə parlament sədri Ərdoğana hökuməti qurmaq vəzifəsinin hansı millət vəkilinə həvalə edilməsi və yeni Nazirlər Kabinetinin üzvləri ilə bağlı təkliflərini verib.

Gültəkin