
İki aylıq seçim hökuməti 5 gün ərzində elan edilməlidir
Yeni hökumətlə bağlı müzakirə aparmaq üçün dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sarayında baş nazir Əhməd Davudoğlunu qəbul edib. Bir saat yarım davam edən görüşdə Ərdoğan Davudoğlunu müvəqqəti hökumətin baş naziri elan edərək yeni Nazirlər Kabinetini qurmağı ona həvalə edib.
Qarşıdakı 5 gün ərzində Davudoğlu Kabinetin tərkibini formalaşdırmalıdır. Qanuna görə, parlamentdə təmsil olunan bütün siyasi partiyalar seçim hökumətinə deputatlarının sayı qədər üzv verməlidirlər. MHP və CHP bu hökumətdə yer almaqdan imtina etdikləri üçün yeni Nazirlər Kabinetində yalnız iki partiya təmsil olunacaq – AKP və HDP.
MHP və CHP-nin rədd cavabından sonra boş qalan 9 nazir yeri AKP ilə HDP arasında da bölüşdürülə bilər, bu yerlərə müstəqil namizədlər də gətirilə bilər. Ilkin ehtimallara görə, seçim hökumətində AKP-yə 11, HDP-yə 3 nazir yeri veriləcək. Qalan 12 nazir isə tərəfsizlər arasından seçiləcək. 26 nazirdən üçünün (daxili işlər, nəqliyyat və ədalət naziri) müstəqillər arasından seçilməsi isə birbaşa Konstitusiyanın tələbidir.
Müvəqqəti hökuməti qurmaq vəzifəsini təhvil alandan sonra baş nazir Davudoğlu mətbuat konfransı keçirib. Çıxışı zamanı Davudoğlunun əsas hədəfi müxalifət partiyaları olub. MHP və CHP-nin yeni hökumətdə təmsil olunmaq istəməməsinə toxunan Davudoğlu bildirib ki, ölkəni qapıları qapatmaqla idarə etmək olmaz: “Tutalım, AKP də o biri partiyalar kimi “yeni hökumətə nümayəndə verməyəcəyik” desəydi, bu ölkənin halı necə olardı?! Konstitusiyanın şərtlərinə sona qədər əməl edəcəm. Kim nə deyirsə-desin bu xətdən kənara çıxmayacam. Liderlərə və millət vəkillərinə çağırış edirəm – gəlin, bu məsuliyyəti birgə üstlənək. Konstitusiya açıq şəkildə deyir ki, partiyalara təklif ünvanlanmalıdır. Amma sədrlər görüşmək istəsə, qapım açıqdır. Az qala, yalvardım ki, gəlin, 45 gün tamam olmadan (koalisyon hökumətin qurulması üçün) birlikdə hökumət quraq. Nə mən, nə də yoldaşlarım partiyaların daxili işlərinə qarışdıq. Qeyri-əxlaqi heç bir sövdələşmənin içində olmadıq. Heç kimə əxlaqsız təklif etmədik”.
Baş nazir yeni Nazirlər Kabinetini formalaşdırmaq üçün millət vəkillərinə müraciət edəcəyini də açıqlayıb: “Beş gün vaxtımız var. Parlament üzvlərinə müraciət edəcəm. Onlara təklif etmədən tərəfsiz namizədlər seçsəm, qanunu pozmuş olaram. Həm bizi, həm öz deputatlarınızı pis vəziyyətə salmayın. Lazım gələrsə, görüşərik. Bir şərtlə ki, yolları qapatmayın. Bütün millət vəkillərinin bioqrafiyasını tək-tək oxumuşam. Bizim təklifimizdən sonra hər bir millət vəkilinin öz partiyası ilə görüşmək haqqı var. Amma o təklifi istənilən halda irəli sürməliyik. Onlar da bəlli zaman içində təklifi cavablandırmalıdılar. Son olaraq bir daha millətimizə çağırış etmək istəyirəm. 7 iyundan bu yana ölkədə hökumət sarıdan boşluq yaranmasına imkan vermədik. Milli iradəyə hörmət çərçivəsində seçkiyə gedilməsi üçün əlimizdən gələni edəcəyik”.
Gültəkin