Kənd təsərrüfatını hansı vəsaitlə inkişaf etdirmək olar?

Vahid Məhərrəmov: «Dağınıqlıq və pərakəndəlik şəraitində bu sahəni inkişaf etdirmək mümkün olmayacaq»

Bəlli olduğu kimi, prezident Ilham Əliyev “Heyvandarlığın maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Həmin sərəncama görə dövlət büdcəsində 2015-ci il üçün nəzərdə tutulmuş prezidentin Ehtiyat Fondundan heyvandarlığın inkişafına 5,8 mln. manat ayrılıb. Bu məbləğin 2,8 mln. manatı Respublika Süni Mayalanma Mərkəzinin yenidənqurma işlərinin tamamlanmasına sərf olunacaq.

Bundan öncə də ölkənin aqrar sektoruna rəsmi şəkildə ayırmalar olub. Lakin bu sahə istənilən səviyyədə inkişaf etməyib. Çünki mənimsəmə və rüşvət faktları  kənd təsərrüfatına ayrılan vəsaitlərin təiynatı üzrə xərclənməsinə imkan verməyib. Elə təkcə bir faktı xatırlatmaq yetər. Aqrolizinqə ayrılan vəsaitin cüzi olmasına baxmayaraq bu sahədə baş verən mənimsəmə faktını elə rəsmi tərəfin özü etiraf edib. Bu  isə həmin sektorda vəziyyətin heç də ürəkaçan olmadını göstərir. Belə olan vəziyyətdə, sözügedən 5,8 milyon manatla heyvandarlığı inkişaf etdirmək mümkündürmü?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, problem təkcə maliyyə vəsaitinin hansı həddə olmasında deyil. Indiki halda və əvvəllər nə qədər maliyyə vəsaiti ayrılsa da, kənd təsərrüfatında inkişafa nail olmaq mümkün deyil. Ekspert  bu sektorda olduqca ciddi problemlərin olduğunu deyir:

“Təşkilati və kadr məsələləri həll olunmalıdır. Istehsal vasitələri, su problemi neçə yüz milyon vəsaitlə öz həllini tapa bilər. Suyla bağlı problemlər ciddidir və kifayət qədər maliyyə vəsaiti tələb edir. Bundan başqa, bitkiçiliyi inkişaf etdirmədən heyvandırlıqda nəyəsə nail olmaq mümkün deyil.  Əvvəlcə gərək möhkəm yem bazası yaradılsın. Bunun üçün də bitkiçiliyi inkişaf etdirmək lazımdır. Bitkiçilikdə də problem su çatışmazlığındadır. Bu sahə mütəxəssislər tərəfindən idarə olunmalıdır və orada çalışanlar da mütəxəssis olmalıdır”.

V.Məhərrəmov qeyd edir ki, heyvandarlıqda süni mayalandırma ilə məşğul olanlar peşəkar deyil. Bu məsələnin kompleks şəkildə həll olunmasını vacib hesab edən ekspert, yüksək ixtisaslı mütəxəssislər və onları həyata keçirənlərin də işini bilən peşəkarlar olmasını əsas sayır. Ölkədə kifayət qədər peşəkar və mütəxəssis olmadığını deyən V.Məhərrəmov, bu sahəylə məşğul olan institutların yoxluğuna da diqqəti çəkir:

“Dağınıqlıq, pərakəndəlik və sistemsizlikdir. Belə olan halda, bu sahəyə nə qədər çox maliyyə vəsaiti ayrılsa da, onun nəticəsi olmayacaq”.

Nigar